Tədbirlər Xəbərlər

ADPU-nun Ağcabədi filialında ənənəvi Məzun Günü tədbiri keçirilib

Şərh yoxdu

17.06.2026-cı il tarixdə ADPU-nun Ağcabədi filialında ənənəvi Məzun Günü tədbiri keçirilib.
Universitetin həyətində açıq havada təşkil olunan tədbirdə 2025/2026-cı tədris ilini uğurla başa vurmuş məzunlar, onların valideynləri, professor-müəllim heyəti, universitet rəhbərliyi və əvvəlki illərin məzunları iştirak ediblər.

Öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri universitetin direktoru dosent Mobil Məcidov açaraq çıxış edib. O, məzunları təbrik edərək onların təhsil müddətində qazandıqları nailiyyətləri vurğuladı, həmçinin gənclərə gələcək həyatlarında uğurlar arzuladı.
Sonra bir qrup məzun yoldaşları adından ötən illər ərzində onların üzrərində böyük əməyi olan ADPU-nun Ağcabədi ailəsinə, sevimli müəllimlərinə səmimi hisslərini çatdırıb, dərin təşəkkürlərini bildiriblər. Bu ali təhsil ocağında əldə etdikləri bilik və bacarıqlar sayəsində ölkəmizə layiqli bir vətəndaş kimi xidmət edəcəklərini, onlara olan etimadları doğruldacaqlarını əminliklə ifadə ediblər.

Tədbirdə çıxış edən əvvəlki illərin məzunları ADPU-nun Ağcabədi filialında yaradılan örnək təhsil mühiti və uğurla həyata keçirilən imtahan sessiyasının təşkilinə görə filial rəhbərliyinə sonsuz minnətdarlıq ifadə ediblər.

Məzun Günü”ndə filialın müvafiq ixtisasları üzrə bir qrup məzunu filial direktorunun əmrinə əsasən “Təhsildə əldə etdiyi uğurlu nəticələrinə görə” və “Filialda keçirilən ictimai-mədəni təbirlərdə fəal iştirakına görə” fəxri diplomlar və təşəkkürnamə ilə təltif olunublar.

Rəsmi hissədən sonra tədbir müsiqili-əyləncəli proqramla davam etdirilib və məzunların ənənəvi “papaq atma” mərasimi ilə yekunlaşıb.

 

Elmi Konfranslar Tədbirlər Xəbərlər

ADPU-nun Ağcabədi filialında dünya şöhrətli alim Lütfi Zadənin anadan olmasının 105 illiyinə həsr olunmuş “Lütfi Zadə Azərbaycan elminin dünya elmində parlayan simasıdır” mövzusunda elmi-praktik konfrans keçirilib

Şərh yoxdu

11 iyun 2026-cı il tarixdə ADPU-nun Ağcabədi filialında dünya şöhrətli alim Lütfi Zadənin anadan olmasının 105 illiyinə həsr olunmuş “Lütfi Zadə Azərbaycan elminin dünya elmində parlayan simasıdır” mövzusunda elmi-praktik konfrans keçirilib. 

Konfransda filialın professor-müəllim heyəti, “Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə müxtəlif illərdə məzun olmuş bir qrup gənc müəllim və tələbələr iştirak ediblər. 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi sükutla yad edilib. 

Konfransı giriş sözü ilə açan filialın direktoru, dosent Mobil Məcidov çıxış edərək dünya şöhrətli alim Lütfi Zadənin elmi nəzəriyyələri haqqında geniş məlumat verib, onun qeyri-səlis məntiq nəzəriyyəsinin əsasını qoymaqla dünya elminə mühüm töhfələr bəxş etdiyini qeyd edib. 

Daha sonra söz məruzəçilərə verilib. Filialın “Fizika, riyaziyyat, informatika və onların tədrisi texnologiyası” kafedrasının müdiri, dosent Sahib Zeynalov “Qeyri-səlis məntiqin yaranmasının səbəbləri və elmi-fəlsəfi əsasları” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə qeyri-səlis məntiq nəzəriyyəsinin meydana gəlmə zərurəti, klassik məntiqdən fərqli xüsusiyyətləri və onun elmi-fəlsəfi əsasları ətraflı izah olunub. 

Daha sonra məruzə üçün söz filialın tədris və elmi işlər üzrə direktor müavini, həmin kafedranın dosenti Seymur Süleymanova verilib. “Lütfi Zadənin həyat yolu və elmi məktəbi” mövzusunda çıxış edən Seymur Süleymanov qeyd edib ki, Lütfi Zadə yalnız qeyri-səlis məntiq nəzəriyyəsinin banisi kimi deyil, həm də müasir elmin inkişaf istiqamətlərini müəyyənləşdirən görkəmli alimlərdən biridir. O, alimin keçdiyi zəngin həyat yolundan, müxtəlif ölkələrdə apardığı elmi fəaliyyətdən və formalaşdırdığı elmi məktəbin dünya miqyasında geniş yayılmasından bəhs edib. Bildirib ki, Lütfi Zadənin yaratdığı elmi irs bu gün süni intellekt, informasiya texnologiyaları və idarəetmə sistemlərinin inkişafında mühüm rol oynamaqdadır. 

Sonra məruzələr ətrafında çıxışlar dinlənilib. Filialın tərbiyə işləri üzrə direktor müavini, dosent Mahir Səlimov, “Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi, t.ü.f.d. Əlizadə Nəcəfov və “Fizika, riyaziyyat, informatika və onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi Səbinə Zeynalova çıxış edərək Lütfi Zadənin elmi fəaliyyətindən, onun Azərbaycan elminin dünya miqyasında tanınmasında oynadığı roldan danışıblar. 

Plenar iclas başa çatdıqdan sonra konfrans öz işini 3 bölmədə davam etdirib. Bölmə iclaslarında müxtəlif aktual mövzular üzrə ümumilikdə 113 məruzə dinlənilib və geniş müzakirələr aparılıb. 

Sonda konfransın iştirakçılarına sertifikatlar təqdim olunub və tədbirin yüksək səviyyədə təşkilinə görə Təşkilat komitəsinə təşəkkür ünvanlanıb.  

Tədbirlər Xəbərlər

ADPU-nun Ağcabədi filialında insan hüquqları ilə bağlı maarifləndirici tədbir keçirilib

Şərh yoxdu
  • 04 iyun 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında İnsan Hüquqları Aylığı çərçivəsində “İnsan və vətəndaş hüquqları və azadlıqları” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirin əsas məqsədi insan hüquq və azadlıqları sahəsində maarifləndirmənin artırılması, hüquqi biliklərin təbliği və vətəndaş məsuliyyətinin formalaşdırılması olmuşdur.