Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı zəngin və keşməkeşli həyat yolu keçmişdir. Müxtəlif vaxtlarda adı dəyişilsə də, əslində bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı kimi fəaliyyət göstərən bu təhsil ocağının yaranma tarixi 1969-cu ilə gedib çıxır (Sovet Azərbaycanının 60 illiyi adına Stepanakert Pedaqoji İnstitutu, bundan sonra Xankəndi Pedaqoji İnstitutu).  Qeyd edək ki, 70-ci illərdə ölkəyə rəhbərlik edən Ulu Öndərimiz Heydər Əliyev tərəfindən 1973-cü il 28 noyabr tarixli qərara əsasən Xankəndi Pedaqoji İnstitutu təşkil olunmuş və 20 ilə yaxın bir dövrdə Xankəndidə fəaliyyət göstərmişdir. Məlum səbəblər üzündən 1988-ci ilin 16 may tarixində İnstitutun Azərbaycan şöbəsi müəllim və tələbələri ilə birlikdə erməni daşnakları tərəfindən Xankəndidən qovulmuşdur. Pedaqoji kollektiv müvəqqəti olaraq Şuşa şəhərində məskunlaşmış, 1988-ci ilin 6 iyununda Xankəndi Pedaqoji İnstitutunun Azərbaycan şöbəsi M. Əzizbəyov adına Şuşa mədəni-maarif texnikumunun tədris və yataqxana binasında yerləşdirilmişdir. Bundan sonra Təhsil Nazirliyinin 18 oktyabr 1988-ci il tarixli qərarına əsasən,  Xankəndi Pedaqoji İnstitutunun Azərbaycan şöbəsi Gəncə Dövlət Pedaqoji İnstitutuna birləşdirilmişdir. 1200 nəfər tələbə və 100 nəfərlik professor-müəllim heyəti 1988-ci ilin 22-25 noyabr tarixlərində Gəncə şəhərinə gətirilmişdiir.

1989-cu ilin 25 oktyabrında pedaqoji kollektiv yenidən Şuşaya qayıtmışdır. 15 gün sonra Respublikanın Təhsil Nazirliyi keçmiş Xankəndi Pedaqoji İnstitutunun Azərbaycan şöbəsinin V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun Şuşa fakültəsi kimi fəaliyyət göstərməsinə razılıq vermişdir (keçmiş nazir Misir Mərdanov və Azərbaycan Pedaqoji İnstitutunun rektoru, prof. S.R.Aslanovun 15 noyabr 1989-cu il tarixli, 3/636 saylı əmrinə əsasən Şuşa fakultəsi fəaliyyətə başlayır). Lakin pedaqoji kollektiv Şuşaya qayıtsa da, həmin illərdə böyük mərhumiyyətlər yaşamış, tələbə və müəllimlərin ən fəalları müxtəlif təşkilatların təqibinə məruz qalaraq gözümçıxdıya salınmışlar. Bu qurum təxminən bir il iki ay  sonra – 22  fevral 1991-ci il tarixli, 116 saylı əmrə əsasən  N. Nusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialı kimi fəaliyyət göstərməyə başlamışdır. Lakin ermənilərin məqsədli şəkildə törətdiyi qiyam nəticəsində filialın öz fəaliyyətini Şuşada davam etdirməsi mümkün olmamışdır. N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialı müvəqqəti olaraq Aran Qarabağa – Ağcabədiyə köçürülmüşdür. 2000-ci ilə qədər fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialı həmin illər ərzində yüksək ixtisaslı kadrların hazırlanması işində böyük əmək sərf etmişdir. 2000-ci ildən  Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialı  ləğv edilmiş və onun bazası əsasında Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialı yaradılmışdır. Nəhayət, 2015/2016-cı tədris ilindən Azərbaycan Müəllimlər İnstitutu ləğv olunduğundan filialımız Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı kimi fəaliyyət göstərməyə başlamışdır.

Filialda bir fakültə – Pedaqoji və dörd kafedra – “Riyaziyyat, informatika və onların tədrisi texnologiyası”, “İctimai, təbiət fənləri və onların tədrisi texnologiyası”, “Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası”  , “Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası” kafedraları fəaliyyət göstərir.

 Filialda  “Məktəbəqədər təhsil”, “İbtidai sinif müəllimliyi”, “Riyaziyyat və informatika müəllimliyi”, “Riyaziyyat müəllimliyi”, “Fizika müəllimliyi”, “Tarix müəllimliyi”, “Tarix və coğrafiya müəllimliyi”, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “Xarici dil müəllimliyi (ingilia dili üzrə)”, “Təhsildə sosial-psixoloji xidmət” “Sosial iş” ixtisasları üzrə 995 nəfər tələbənin kadr hazırlığı həyata keçirilir.

FİLİAL