Filialda tədris prosesi ali təhsillə bağlı mövcud qanunvericiliyə əsasən təşkil olunur. Yüksək ixtisaslı pedaqoji kadrları hazırlamaq məqsədilə filialda tədris Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin ali təhsilin bakalavriat səviyyəsi üzrə qüvvədə olan qanun, qərar və əsasnamələrinə, habelə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nizamnaməsinə və filialın əsasnaməsinin tələbinə uyğun təşkil edilir.
Yeni keyfiyyətli və yüksək ixtisaslı kadrlar hazırlamaq üçün filialda zəruri şərait, geniş maddi-texniki baza, yüksək intellektual potensiala malik professor-müəllim heyəti mövcuddur. Kafedralar yüksək səviyyədə tədris aparmaqla bərabər, metodik işlərin yüksək səviyyədə icrasını, ixtisas profili üzrə elmi-tədqiqatların aparılmasını da həyata keçirir.
Tədris ili iki semestrdən: payız və yaz semestrlərindən ibarətdir. Bundan əlavə, yay tətili müddətində altı həftədən çox olmayaraq yay semestri də təşkil oluna bilər. Tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə 30 kredit müəyyənləşdirilir. Tələbələrə əlavə fənn də seçməyə icazə verilir. Bütün hallarda bir semestrdə tələbənin götürdüyü kreditlərin sayı 40-dan çox olmamalıdır. Tələbənin beş günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır.
Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyən edilir. Kreditlər tələbənin auditoriya (mühazirə, seminar, praktik məşğələlər, laboratoriya) dərslərində iştirak etməsi; auditoriyadankənar işi (tələbənin müstəqil və müəllimin rəhbərliyi ilə sərbəst işi); laboratoriya işlərini yerinə yetirməsi; təcrübədə iştirak etməsi, imtahanlara hazırlığı və imtahanları verməsi; pedaqoji internaturada iştirak etməsi və hesabatı müdafiə etməsi; buraxılış dövlət imtahanına hazırlığı və həmin imtahanı verməsi kimi fəaliyyəti üzrə müəyyənləşdirilir.
Tədris prosesi auditoriya və auditoriyadankənar şəkildə təşkil olunur. Sərbəst işlərin həcmi keçirilən mühazirələrə, seminarlara və praktik məşğələlərə ayrılan akademik saatlara müvafiq olaraq müəyyənləşdirilir. Müəllimin rəhbərliyi ilə tələbənin sərbəst işi fənnin tədrisindəki mürəkkəb məsələlərin həllindən, ev tapşırıqlarının, yoxlama işlərinin yerinə yetirilməsindən, hesabatların hazırlanmasından ibarət olub, xüsusi tərtib edilmiş cədvəllə dərsdən kənar vaxtda qəbul edilir. Fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə həmin fəndən imtahana buraxılmır.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən akademik borcu olan tələbələr, həmin fənn üçün nəzərdə tutulan məbləğin 25%-ni ödəməklə təkrar imtahan (2 fəndən çox olmamaqla) verirlər.