Mediada biz

Ağcabədidə imtahan həyəcanı: valideyni ilə gələnlər, dua edənlər, qaydaları pozanlar… – REPORTAJ

Şərh yoxdu

Bəzi ali təhsil müəssisələrində semestr imtahanları yekunlaşmaq üzrədir. İmtahan sessiyasının başa çatdığı ali təhsil müəssisələrindən biri Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialıdır.

“Azərbaycan müəllimi” filialda imtahan sessiyasının gedişini izləyib, müəllim və tələbələrlə həmsöhbət olub. 

Əvvəllcə ali təhsil müəssisəsi haqda qısa məlumat verək. Azərbaycan Müəllimlər İnstitutunun filialı olaraq fəaliyyət göstərən ali təhsil müəssisəsi ölkə başçısının 26 noyabr 2015-ci il tarixli Sərəncamı əsasında yaradılıb. Filialda 1 fakültə, 10 ixtisas var. Burada 136 əməkdaş çalışır, onların 14-ü fəlsəfə doktoru, 12-si dosentdir. Ali təhsil müəssisəsində 1031 tələbə oxuyur. 

“Bütün imtahanlarda ona yoldaşlıq edirəm”

Universitetin həyətinə daxil oluruq, qapıda övladını qucaqlayan valideyn var. Üz ifadələrindən qızının imtahan nəticəsinin yüksək olduğu aydın görünür. Yaxınlaşıram. Bakir Allahverdiyev övladının bütün imtahanlarında ona yoldaşlıq etdiyini bildirir. “Üzügülər gələndə ürəyim dağa dönür. Telefonuna zəng edirəm, cavab vermirsə, demək ki, imtahan hələ yekunlaşmayıb. Səsindən onun nəticəsini bilirəm, məni həmişə sevindirib”.

Burada onun kimi övladını gözləyən onlarla valideyn var, hər birinin həyəcanlı olduğu görünür. 

Həyətdə yavaş-yavaş müzakirələr aparan, lakin gərgin olduqları hiss edilən iki qız var. Hiss olunur ki, imtahana hazırlaşırlar. Birinci kurs tələbəsi olan gənclər günün ikinci yarısında imtahan verəcəklər, psixologiya imtahanına hazırlaşırlar. Ləman və Sehrinin imtahanlarla bağlı təəssüratlarını öyrənirəm, təkliflərini dinləyirəm. 

“Kəsirimiz yoxdur. Bu imtahanın da nəticələrinin yaxşı olacağını gözləyirik” söyləyən Ləman deyir ki, imtahanlar test üsulu ilə olsa, daha yaxşı olar. Ləman və Sehriyə uğurlar arzulayıb yoluma davam edirəm.

Həm müəllim, həm tələbə

Füzulinin Qayıdış qəsəbəsində müəllim işləyən, eyni zamanda, filialın tələbəsi olan Vahid Möhsümov imtahanlarını kəsirsiz başa vuran tələbələrdəndir. Son imtahanını yazılı verən Vahid nəticəsinin yaxşı olacağına inanır. 

“Riyaziyyat-informatika” ixtisası üzrə təhsil alan Məhiyyədin Hüseynov “Riyazi analiz” fənnindən verdiyi imtahanın cavabını gözləyir. Bu, onun 5-ci və sonuncu imtahanıdır: “Deyə bilmərəm ki, imtahanda güzəştlər olur. Ballarımız yazdığımız cavablara uyğun hesablanır, mən burada hansısa uyğunsuzluqla qarşılaşmamışam”.

Tələbələrin həyəcan və sevinc qarışıq ab-havalarından uzaqlaşıb məktəbin binasına daxil oluram. Dəhlizdə bir-birinə dəstək olan, imtahan götürən müəllimin əhvalının necə olduğunu soruşan qrup yoldaşları var. “Jasmin, imtahan necə keçdi, çox sıxışdırdılar?” sualına o, özündən əmin halda “42 bal” deyə cavab verir.
 
İlk olaraq, dekan vəzifəsini müvəqqəti icra edən Xəyyam Bədəlovla həmsöhbət oluram. Xəyyam müəllimin başı dərs cədvəlinə, saatların bölgüsünə qarışsa da, vaxt tapıb bizimlə söhbətləşir. Deyir ki, bu semestrdə filialda 49 qrup üzrə 285 imtahan keçirilir. İmtahanlar üç formada keçirilir: yazılı, şifahi və layihə əsasında (“Təhsildə sosial-psixoloji xidmət” ixtisası üzrə təhsil alanlar bu formada daha çox imtahan verirlər). Təhsil alan tələbələrə suallar əvvəlcədən təqdim olunur. Suallar fənlərin saatlarına uyğun olaraq hazırlanır.

Xəyyam müəllim qeyd edir ki, imtahanın nəticəsindən razı qalmayan tələbələrin Apellyasiya Komissiyasına müraciət etmək hüququ var.

İngilis dilli qruplarda qeyri-ixtisas fənlərin imtahanı yazılı olaraq təşkil edilir. Bunun üçün tələbələrə 2 saat 15 dəqiqə vaxt verilir. Şifahi imtahanlarda fənn, ixtisas müəllimi və bir nəfər əlavə müşahidəçi iştirak edir.

Şifahi imtahan demişkən, elə birinci mərtəbədə belə bir formada imtahan keçirilir. Otaqdan bir xanım çıxır, imtahanla bağlı fikirlərini öyrənirik. “İngilis dili müəllimliyi” ixtisası üzrə oxuyan Xəyalə Qasımova sonuncu kursdadır: “Artıq sonuncu imtahanımdır. 6 imtahanın biri qeyri-ixtisas, digərləri ixtisas fənni idi. Şifahi imtahan cavabları daha tez öyrənməyimiz baxımdan yaxşıdır. İmtahan “Teams” proqramı vasitəsilə rəhbərlik tərəfindən izlənir”. 

Xəyalədən başqa, Aysu Nağıyeva da imtahan nəticələri yüksək olan tələbələrdən biridir: “5 imtahandan 50, birindən isə 49 bal almışam. Bu imtahan da maksimum bal topladıqlarımdandır. 2 imtahanı şifahi, 4-nü isə yazılı olaraq vermişik”.

“Biletləri paylayanda tələbələrin dua etmələrinin şahidi oluram”

Tələbə olduğumuz dövrdə hər hansı çətinlik olanda qapısını döydüyümüz insanlar olur. Binada olarkən bəzi tələbələrin yanına qaçdığı gənc əməkdaşları görürəm. Onların bəziləri cavabların nə vaxt çıxacağını soruşur, bəziləri həyəcanlarını, bəziləri isə sevinclərini bölüşür. 

Fatma Əliyeva gənc olmasına baxmayaraq, 16 ildir ki, filialda mütəxəssis kimi fəaliyyət göstərir. Bizə imtahan nəzarətçisi olduğu zamanlarda baş verən hadisələrdən danışır: “Biletləri paylayanda onların emosiyalarının, dua etmələrinin şahidi oluram. Bəziləri əlimin düşərli olduğuna belə inanır”.

Tələbə və məzunlarla iş şöbəsinin mütəxəssisi Qurban Qurbanov isə ən çox qayda pozuntularının yazılı imtahanlarda olduğunu deyir: 

“Əslində, cavabların tez məlum olması baxımından şifahi imtahanlar daha effektivdir, tələbə balını daha tez öyrənir və rahatlıqla digər imtahana hazırlaşır. Şifahi imtahanların videoyazısı da olur. Tələbənin şikayəti olduğu zaman bu videogörüntülərdən istifadə olunur”.

İmtahan idarəetmə qrupunun üzvü Səlimə Məmmədova deyir ki, kəsiləciyini fikirləşərək imtahana girən, amma maksimum balla otaqdan çıxan tələbələrin də sayı az olmayıb:

“Bəzi hallarda pilləkənlərdə oturub ağladıqlarını görüb yaxınlaşmışıq. Məlum olub ki, nəticələrinin yüksək olmasına görə sevincdən ağlayıblar”. 

İmtahan qərargahının rəhbəri, filialın direktor müavini dosent Mahir Səlimovla söhbətimizi yekunlaşdırırıq. Mahir müəllim əvvəlkilərlə müqayisədə bu semestrin nəticələrinin daha qənaətbəxş olduğunu bildirir. “Bütün ixtisaslarda xarici dil fənni üzrə imtahanlar şifahi keçirilir. İmtahanlar ikinövbəli təşkil olunur, əsas məqsəd ciddi nəzarətin olmasıdır”.

“Şans” imtahanı

O, imtahanda qaydaları pozan tələbələrə qarşı da tədbirlərin görüldüyünü qeyd edir:

“Həmin tələbələr “şans” imtahanına buraxılmır. Elə ona görədir ki, keçirilən 285 imtahanda cəmi üç nəfər qayda pozuntusuna yol verib. “Şans” imtahanının fevralın 5-10-u arasında keçirilməsi planlaşdırılır”.

Tədbirlər

“Dövlət və xalq üçün yaşanan ömür” mövzusunda tədbir keçirilib. 

Şərh yoxdu

12.12.2024-cü il tarixdə ADPU-nun Ağcabədi filialının kollektivi Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad edib. 
Daha sonra Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Dövlət və xalq üçün yaşanan ömür” mövzusunda tədbir keçirilib.

Xəbərlər

Gürcüstanın Kutaisi şəhərində keçirilən Alpaqut döyüş sənəti üzrə Dünya kuboku

Şərh yoxdu
ADPU-nun Ağcabədi filialının “Tarix müəllimliyi” ixtisasının IIl tədris ilinin tələbəsi Qənbər Ağayev 05-08 Dekabr 2024-cü il tarixlərində Gürcüstanın Kutaisi şəhərində keçirilən Alpaqut döyüş sənəti üzrə Dünya kuboku (18-35) yaş (60-65) kq -da Caymaz sistemi üzrə bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində yer alıb.  O iki Türkvə bir Gürcü  idmançılarına qalib gələrək 1-ci yerə layiq görülüb.
Qeyd edək ki, Qənbər Ağayev  Alpaqut Turan Döyüş sənəti üzrə 4 qat Dünya çempionu, 6 qat  Respublika çempionu, 2 dəfə Prezident Kubokunun sahibi, 2 dəfə dünya kubokunun sahibi, Avrasiya çempionu və bunlarla yanaşı Alpaqut turan türk döyüş sənəti üzrə İdman ustalığına namizəd və Məşqçi adına layiq görülüb.
AZƏRBAYCAN BAYRAĞINI UCALDAN QƏNBƏR AĞAYEVİ ADPU-AĞCABƏDİ AİLƏSİ ADINDAN TƏBRİK EDİR, UĞURLARININ DAVAMLI OLMASINI ARZU EDİRİK.
Tədbirlər

Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr edilmiş “Söz mülkünün sultanı” mövzusunda Elmi-praktik konfrans

Şərh yoxdu
05 dekabr 2024-cü il tarixdə ADPU-nun Ağcabədi filialında “Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası” kafedrasının təşkilatçılığı ilə Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr edilmiş “Söz mülkünün sultanı” mövzusunda Elmi-praktik konfrans keçirilib.
Xəbərlər

“03 Dekabr- Beynəlxalq Əlilliyi olan şəxslər günü”

Şərh yoxdu
Dekabrın 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında “Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası“ kafedrasının  müəllimi Sevinc Mirzəyevanın təşkilatçılığı ilə “03 Dekabr- Beynəlxalq Əlilliyi olan şəxslər günü” münasibəti ilə “İnklüziv Təhsil Bərabərhüquqlu Cəmiyyətin Təməlidir” mövzusunda tədbir keçirilib. Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının professor-müəllim heyəti, əlilliyi olan uşaqlar və onlara xidmət göstərən Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisinin əməkdaşları və tələbələr iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Dövlət himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan filialın “Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası” kafedrasının müdiri p.ü.f.d., b\m,  Tahir Kərimli tədbir iştirakçılarını salamlayaraq tədbirin əhəmiyyətindən danışıb. İnklüziv, bərabərhüquqlu cəmiyyətin yaranması üçün inklüziv təhsilin önəmini xüsusi vurğulayıb.
Daha sonra videoçarx nümayiş etdirilib. 
Mövzu ətrafında çıxışlar dinlənilib: Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisinin əməkdaşı Bayramzadə Kəmalə, “İctimai, təbiət fənləri və onların tədrisi texnologiyası“ kafedrasının müdiri dos. Baxış Ələsgərov, “İctimai, təbiət fənləri və onların tədrisi texnologiyası“ kafedrasının t.ü.f.d., b\m.  Anar Kərimli,  Cəmiyyətimizdə inklüziv təhsilin yeri və rolu,  İnklüziv təhsilin gələcək prespektivləri kimi mövzular ilə bağlı ətraflı çıxış ediblər.
Mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.
Eyni zamanda GTM Qarabağ ofisinin könüllüləri  və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının tələbələri tərəfindən əlilliyi olan uşaqlara 5 bacarığın inkişafı ilə əlaqədar olaraq oyunlar, praktiki məşğələlər keçirilib. Uşaqlar əyləncəli fəaliyyətlərə qoşularaq əylənərək öyrəniblər.
Sonra isə “İnklüziv Təhsil və Uşaq İnkişaf” mərkəzindən tədbirimizdə iştirak edən gül balalarımızın hazırladıqları rəqsə tamaşa edilib. Sonda Gül balalarımıza hədiyyələr təqdim olunub.