Tədbirlər Xəbərlər

ADPU-nun Ağcabədi filialında ənənəvi Məzun Günü tədbiri keçirilib

Şərh yoxdu

17.06.2026-cı il tarixdə ADPU-nun Ağcabədi filialında ənənəvi Məzun Günü tədbiri keçirilib.
Universitetin həyətində açıq havada təşkil olunan tədbirdə 2025/2026-cı tədris ilini uğurla başa vurmuş məzunlar, onların valideynləri, professor-müəllim heyəti, universitet rəhbərliyi və əvvəlki illərin məzunları iştirak ediblər.

Öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri universitetin direktoru dosent Mobil Məcidov açaraq çıxış edib. O, məzunları təbrik edərək onların təhsil müddətində qazandıqları nailiyyətləri vurğuladı, həmçinin gənclərə gələcək həyatlarında uğurlar arzuladı.
Sonra bir qrup məzun yoldaşları adından ötən illər ərzində onların üzrərində böyük əməyi olan ADPU-nun Ağcabədi ailəsinə, sevimli müəllimlərinə səmimi hisslərini çatdırıb, dərin təşəkkürlərini bildiriblər. Bu ali təhsil ocağında əldə etdikləri bilik və bacarıqlar sayəsində ölkəmizə layiqli bir vətəndaş kimi xidmət edəcəklərini, onlara olan etimadları doğruldacaqlarını əminliklə ifadə ediblər.

Tədbirdə çıxış edən əvvəlki illərin məzunları ADPU-nun Ağcabədi filialında yaradılan örnək təhsil mühiti və uğurla həyata keçirilən imtahan sessiyasının təşkilinə görə filial rəhbərliyinə sonsuz minnətdarlıq ifadə ediblər.

Məzun Günü”ndə filialın müvafiq ixtisasları üzrə bir qrup məzunu filial direktorunun əmrinə əsasən “Təhsildə əldə etdiyi uğurlu nəticələrinə görə” və “Filialda keçirilən ictimai-mədəni təbirlərdə fəal iştirakına görə” fəxri diplomlar və təşəkkürnamə ilə təltif olunublar.

Rəsmi hissədən sonra tədbir müsiqili-əyləncəli proqramla davam etdirilib və məzunların ənənəvi “papaq atma” mərasimi ilə yekunlaşıb.

 

Elmi Konfranslar Tədbirlər Xəbərlər

ADPU-nun Ağcabədi filialında dünya şöhrətli alim Lütfi Zadənin anadan olmasının 105 illiyinə həsr olunmuş “Lütfi Zadə Azərbaycan elminin dünya elmində parlayan simasıdır” mövzusunda elmi-praktik konfrans keçirilib

Şərh yoxdu

11 iyun 2026-cı il tarixdə ADPU-nun Ağcabədi filialında dünya şöhrətli alim Lütfi Zadənin anadan olmasının 105 illiyinə həsr olunmuş “Lütfi Zadə Azərbaycan elminin dünya elmində parlayan simasıdır” mövzusunda elmi-praktik konfrans keçirilib. 

Konfransda filialın professor-müəllim heyəti, “Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə müxtəlif illərdə məzun olmuş bir qrup gənc müəllim və tələbələr iştirak ediblər. 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi sükutla yad edilib. 

Konfransı giriş sözü ilə açan filialın direktoru, dosent Mobil Məcidov çıxış edərək dünya şöhrətli alim Lütfi Zadənin elmi nəzəriyyələri haqqında geniş məlumat verib, onun qeyri-səlis məntiq nəzəriyyəsinin əsasını qoymaqla dünya elminə mühüm töhfələr bəxş etdiyini qeyd edib. 

Daha sonra söz məruzəçilərə verilib. Filialın “Fizika, riyaziyyat, informatika və onların tədrisi texnologiyası” kafedrasının müdiri, dosent Sahib Zeynalov “Qeyri-səlis məntiqin yaranmasının səbəbləri və elmi-fəlsəfi əsasları” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə qeyri-səlis məntiq nəzəriyyəsinin meydana gəlmə zərurəti, klassik məntiqdən fərqli xüsusiyyətləri və onun elmi-fəlsəfi əsasları ətraflı izah olunub. 

Daha sonra məruzə üçün söz filialın tədris və elmi işlər üzrə direktor müavini, həmin kafedranın dosenti Seymur Süleymanova verilib. “Lütfi Zadənin həyat yolu və elmi məktəbi” mövzusunda çıxış edən Seymur Süleymanov qeyd edib ki, Lütfi Zadə yalnız qeyri-səlis məntiq nəzəriyyəsinin banisi kimi deyil, həm də müasir elmin inkişaf istiqamətlərini müəyyənləşdirən görkəmli alimlərdən biridir. O, alimin keçdiyi zəngin həyat yolundan, müxtəlif ölkələrdə apardığı elmi fəaliyyətdən və formalaşdırdığı elmi məktəbin dünya miqyasında geniş yayılmasından bəhs edib. Bildirib ki, Lütfi Zadənin yaratdığı elmi irs bu gün süni intellekt, informasiya texnologiyaları və idarəetmə sistemlərinin inkişafında mühüm rol oynamaqdadır. 

Sonra məruzələr ətrafında çıxışlar dinlənilib. Filialın tərbiyə işləri üzrə direktor müavini, dosent Mahir Səlimov, “Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi, t.ü.f.d. Əlizadə Nəcəfov və “Fizika, riyaziyyat, informatika və onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi Səbinə Zeynalova çıxış edərək Lütfi Zadənin elmi fəaliyyətindən, onun Azərbaycan elminin dünya miqyasında tanınmasında oynadığı roldan danışıblar. 

Plenar iclas başa çatdıqdan sonra konfrans öz işini 3 bölmədə davam etdirib. Bölmə iclaslarında müxtəlif aktual mövzular üzrə ümumilikdə 113 məruzə dinlənilib və geniş müzakirələr aparılıb. 

Sonda konfransın iştirakçılarına sertifikatlar təqdim olunub və tədbirin yüksək səviyyədə təşkilinə görə Təşkilat komitəsinə təşəkkür ünvanlanıb.  

Tədbirlər Xəbərlər

ADPU-nun Ağcabədi filialında insan hüquqları ilə bağlı maarifləndirici tədbir keçirilib

Şərh yoxdu
  • 04 iyun 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında İnsan Hüquqları Aylığı çərçivəsində “İnsan və vətəndaş hüquqları və azadlıqları” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirin əsas məqsədi insan hüquq və azadlıqları sahəsində maarifləndirmənin artırılması, hüquqi biliklərin təbliği və vətəndaş məsuliyyətinin formalaşdırılması olmuşdur.
Elmi Konfranslar Fotolar Tədbirlər Xəbərlər

ADPU-nun Ağcabədi filialında Azərbaycan poeziyasının fəxri, xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Şərh yoxdu

26 may 2026-cı il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında Azərbaycanın xalq şairi Səməd Vurğunun anadan olmasının 120-ci ilinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. 

“Ayrılarmı könül candan” mövzusunda təşkil olunan konfransda filialın professor-müəllim heyəti, həmçinin filialın “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə ötən illərin məzunları iştirak ediblər. 

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən torpaqları uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi sükutla yad edilib. 

Konfransı giriş sözü ilə açan filialın direktoru, dosent Mobil Məcidov Səməd Vurğunun zəngin yaradıcılığı və Azərbaycan ədəbiyyatındakı mühüm yeri haqqında ətraflı məlumat verib. 

Daha sonra söz məruzəçilərə verilib . 

Filialın “Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası” kafedrasının dosenti Sabir Məmmədov “Səməd Vurğunun həyat və yaradıcılığı” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə şairin zəngin və çoxşaxəli yaradıcılıq yolu, onun Azərbaycan ədəbiyyatının inkişafındakı rolu geniş şəkildə təhlil olunub. 

Məruzədə bildirilib ki, Səməd Vurğun XX əsr Azərbaycan poeziyasının aparıcı simalarından biri kimi milli ədəbiyyatın ideya-estetik istiqamətinin formalaşmasında mühüm rol oynayıb. Onun əsərlərində vətənpərvərlik, humanizm və insan ləyaqəti məsələləri ön planda dayanır. 

Sabir Məmmədov həmçinin şairin dramaturgiya sahəsindəki fəaliyyətinə də toxunaraq, onun “Vaqif” dramının Azərbaycan səhnəsində xüsusi yer tutduğunu qeyd edib. Məruzədə vurğulanıb ki, Səməd Vurğunun yaradıcılığı bu gün də öz aktuallığını qoruyur və gənc nəsil üçün mənəvi-əxlaqi örnək kimi çıxış edir. 

Filialın “Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi, t.ü.f.d. Əlizadə Nəcəfov “Deyilən söz yadigardır” adlı məruzəsində Səməd Vurğun yaradıcılığında sözün estetik və mənəvi mahiyyətini geniş şəkildə təhlil edib. 

Məruzəçi qeyd edib ki, Səməd Vurğun üçün söz sadəcə ifadə vasitəsi deyil, xalqın yaddaşı, milli kimliyin daşıyıcısı və mənəvi dəyərlərin qoruyucusudur. O, şairin poeziyasında sözün qüdrətinin və məsuliyyətinin xüsusi yer tutduğunu vurğulayaraq bildirib ki, Vurğun sözə yüksək etik və estetik meyarlarla yanaşmış, onu xalqın taleyi və gələcəyi ilə bağlamışdır. 

Filialın “Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası” kafedrasının müdiri, dosent Vaqif Allahverdiyev “Səməd Vurğunun yaradıcılığında poetik yeniləşmə mərhələsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə şairin yaradıcılığında müşahidə olunan yenilikçi meyillər, poetik dilin zənginləşdirilməsi və forma axtarışları geniş şəkildə təhlil olunub. 

Çıxış əsnasında vurğulanıb ki, Səməd Vurğun klassik ənənələrlə müasir poetik düşüncəni üzvi şəkildə birləşdirərək Azərbaycan poeziyasında yeni mərhələnin əsasını qoyub. Onun yaradıcılığında xalq ruhuna bağlılıqla yanaşı, fərdi üslub xüsusiyyətləri, obrazlılıq və emosional ifadə gücü diqqəti cəlb edir. 

Vaqif Allahverdiyev qeyd edib ki, şairin poetik yeniləşmə istiqamətində atdığı addımlar Azərbaycan ədəbiyyatının inkişafına mühüm təsir göstərmiş, sonrakı nəsil şairlərin yaradıcılıq istiqamətini formalaşdırmışdır.  

Məruzələr ətrafında geniş müzakirələr aparılıb, çıxışlar dinlənilib. Filialın məzunlarından – Laçın rayon Elçin Məhərrəmov adına Hacılar kənd orta məktəbinin müəllimi İmaməli Əhmədəliyev, Kəlbəcər şəhər 32 saylı orta məktəbiun müəllimi Eyvaz Eyvazlı, Füzuli rayon Qayıdış qəsəbəsində İnzibati ərazi nümayəndəsiişləyən Əhməd Qulamzadə və  Zərdab rayonu, Hüseynxanlı kənd orta məktəbinin müəllimi Pərviz Bəşirov məruzə ətrafında çıxış edərək Səməd Vurğun poeziyasının bəşəri mahiyyətindən, təkrarsız sənət nümunəsi olmasından danışdılar. 

  Plenar iclasdan sonra konfrans öz işini bölmələrdə davam etdirib, burada ayrı-ayrı istiqamətlər üzrə elmi məruzələr təqdim olunub. 

Sonda konfransın işində fəal iştirak edən müəllim və məzunlara sertifikatlar təqdim edilib. 



 

Tədbirlər Xəbərlər

“Böyük liderin izi ilə” sərgisinin qalibləri mükafatlandırılıb

Şərh yoxdu

22 may 2026-cı il tarixdə ADPU-nun Ağcabədi filialında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Böyük liderin izi ilə” mövzusunda rəsm və əl işləri sərgisində yer tutan və fərqlənən tələbələr təltif ediliblər.
Eyni zamanda, tədbirin təşkilatçıları – “Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi Sevil Cəfərova və İnsan Resursları və Kargüzarlıq şöbəsinin müdiri Vüsalə Məhərrəmova da rəsmi sertifikatlarla təltif ediliblər.

Tədbirlər Xəbərlər

ADPU-nun Ağcabədi filialında mükafatlandırma tədbiri keçirilib

Şərh yoxdu

22 may 2026-cı il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialında xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş şeir və inşa müsabiqələrinin qaliblərinin və iştirakçılarının mükafatlandırılması mərasimi baş tutub. Müsabiqədə yer tutan və fərqlənən tələbələrə Rövşən Abdulla oğlunun imzası ilə ədibin qiymətli kitablarından ibarət hədiyyələr təqdim olunub.

Tədbir çərçivəsində, həmçinin müsabiqələrin yüksək səviyyədə təşkil olunmasında xidmətləri olan “Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası” kafedrasının müəllimləri Tərlan Əliyeva və Maya Abdullayeva da rəsmi sertifikatlarla təltif ediliblər.

Elmi Konfranslar Tədbirlər Xəbərlər

ADPU-nun Ağcabədi filialında Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev irsi və gənclərin vətənpərvərlik tərbiyəsi” mövzusunda Tələbə Elmi Cəmiyyətinin XX konfransı keçirilib

Şərh yoxdu

21 may 2026-cı il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev irsi və gənclərin vətənpərvərlik tərbiyəsi” mövzusunda Tələbə Elmi Cəmiyyətinin XX konfransı keçirilib. 

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

Konfransı giriş sözü ilə açan filialın direktoru, dosent Mobil Məcidov Heydər Əliyevin gənclər siyasətinin əhəmiyyətindən bəhs edib. O, Heydər Əliyevin müəyyən etdiyi gənclər siyasətinin bu gün də uğurla davam etdirildiyini vurğulayıb. Çıxışda gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyi və əhəmiyyəti xüsusilə qeyd olunub.  

Açılış nitqindən sonra Ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş videorolik nümayiş etdirilib. Sonra məruzələr dinlənilib. 

Filialın tədris və elmi işlər üzrə direktor müavini, dosent Seymur Süleymanov məruzəsində Heydər Əliyev irsinin gənclərin vətənpərvərlik tərbiyəsində mühüm ideoloji və mənəvi əsas təşkil etdiyini vurğulayıb. O qeyd edib ki, Ulu Öndərin dövlətçilik prinsipləri, milli dəyərlərə bağlılıq və vətən sevgisi gənc nəslin formalaşmasında istiqamətverici rol oynayır. Məruzədə həmçinin bildirilib ki, bu irsin təbliği gənclərin milli kimlik şüurunun möhkəmlənməsinə və onların cəmiyyətə faydalı vətəndaş kimi yetişməsinə mühüm təsir göstərir.  

Tələbə Elmi Cəmiyyətinin sədri, filialın “Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası” kafedrasının müəllimi Sevinc Mirzəyeva “Heydər Əliyev irsi: xalqın yaddaşında yaşayan liderdən gələcəyi quran gəncliyə” mövzusunda məruzəsində Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında əbədi yaşayan lider kimi xüsusi yer tutduğunu vurğulayıb. O qeyd edib ki, Heydər Əliyevin siyasi fəaliyyəti yalnız öz dövrü ilə məhdudlaşmayaraq, bu gün də müasir Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil edir. 

Məruzədə bildirilib ki, Ulu Öndərin dövlətçilik ideyaları, milli-mənəvi dəyərlərə bağlılığı və xalqına olan sonsuz sevgisi gənclər üçün örnəkdir. Sevinc Mirzəyeva vurğulayıb ki, gənc nəslin vətənpərvərlik ruhunda formalaşması üçün Heydər Əliyev irsinin öyrənilməsi və təbliği xüsusi əhəmiyyət daşıyır. 

Eyni zamanda məruzədə Heydər Əliyevin təhsilə, elmə və gənclərə göstərdiyi diqqət və qayğının bu gün də davam etdirildiyi diqqətə çatdırılıb. Bildirilib ki, onun müəyyən etdiyi strateji xətt Azərbaycanın gələcəyinin təminatçısı olan gənclərin hərtərəfli inkişafına yönəlib. Sevinc Mirzəyeva çıxışında gənclərin müasir dünyada milli dəyərlərə sadiq qalmasının vacibliyini də xüsusi qeyd edib. 

Sonda o, Heydər Əliyev ideyalarına sadiq, vətənpərvər və intellektual gəncliyin formalaşmasının ölkənin davamlı inkişafı üçün əsas şərtlərdən biri olduğunu bildirib. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb və müzakirələrə səbəb olub. 

Məruzələr ətrafında çıxışlar dinlənilib, mövzu üzrə geniş fikir mübadiləsi aparılıb. Plenar iclasdan sonra konfrans öz işini 5 bölmədə davam etdirib. 

Sonda iştirakçılara sertifikatlar təqdim olunub və tədbirin gənclərin elmi fəaliyyətə cəlb olunması, onların vətənpərvərlik ruhunda yetişdirilməsi baxımından əhəmiyyəti xüsusi qeyd edilib.