STEAM LABORATORİYASI

Sürətlə dəyişən və inkişaf edən dünya, dəyişikliklərə cəld və müsbət münasibət göstərə bilən gəncləri (şagird və tələbələri) yetişdirmək iqtidarında olan çevik təhsil sisteminin olmasını zəruri edir. Təbiət və texniki elmlər (fənlər) sahəsində olan müxtəlif layihələrin sinif otaqlarına inteqrasiya edilmə meyilləri daha çevik baş verə bilir.

STEAM metodu – texniki və təbiət fənlərinin tədrisində orta məktəbin ənənəvi nəzəriyyə əzbərlətmə üsullarından fərqli olaraq, elmi-texniki biliklərin gündəlik həyatda necə tətbiq olunmasını real həyat problemlərinin həlli vasitəsilə, “layihə əsaslı öyrənmə” ilə təhsilalanlara aşılayır.

STEAM təhsilalanlara tənqidi yanaşma, yaradıcı düşünmə, qazanılan biliklərin müqayisəli şəkildə anlaşılması, yaradıcı formada yeni layihələr əsasında biliyin möhkəmləndirilməsi, əməkdaşlıq etmə və s. kimi XXI əsr 4C bacarıqlarını formalaşdırır. STEAM fənləri ayrılıqda öyrətmək əvəzinə, onları real dünyadakı tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirir.

STEAM termininin izahına baxaq:

  • Science – elm, yəni təbiət elmləri (kimya, biologiya, fizika və s) ətraf aləm haqqında vahid təsəvvür yaradaraq, maddi aləmi bütövlükdə öyrədir;
  • Technology – texnologiya, hər hansı problemi həll etmək, yeni həllər təklif etmək üçün ən müxtəlif vasitələrdir;
  • Engineering – mühəndislik, hər hansı problemin həlli üçün təklif edilən prototipin, məhsulun, texnoloji vasitənin hazırlanması prosesidir;
  • Art – yekun məhsulların effektli dizaynı, ümumi mənafeyə xidmət etməsi, humanist və etik  məqamları diqqətdə saxlamaq məqsədilə daxil edilmiş incəsənət   sahələri 
  • Mathematics – riyaziyyat, hər hansı problemin həlli zamanı, məlumatlar bazasının (DATA) formalaşdırılmasında mütləq ehtiyac olan ölçmə və hesablama elmidir.

STEAM metodunun əsas məqsədi təhsilalanlarda “XXI əsr bacarıqları”nı formalaşdırmaq və inkişaf etdirməklə real həyat problemlərinin həllinə nail olmaqdır.

Bir parçası olduğumuz rəqəmsal əsrin tələblərinə uyğunlaşa bilmək üçün:

  • XXI əsr bacarıqlarını özündə formalaşdırmış mütəxəssislərə ehtiyac duyulur;
  • İstənilən bir ölkə inkişaf etmək, öz regionunda liderlik edə bilmək üçün məhz öz vətəndaşlarının XXI əsr bacarıqlarının inkişaf etdirilməsinə önəm

STEAM təhsili dünya təhsil sistemində keyfiyyətin yüksəldilməsi ilə bağlı bir çox ölkələrin diqqətini cəlb edir. Məsələn, ABŞ təhsil sistemində məktəbəqədər yaş qrupundan başlayaraq XII sinfə qədər bütün səviyyələrdə inteqrasiya olunmuş STEAM proqramı tətbiq olunur. Bundan əlavə, bəzi ölkələrdə (ABŞ, Sinqapur, İsrail, Türkiyə və s.) xüsusi STEAM məktəbləri, STEAM mərkəzləri yaradılmışdır. Ölkəmizdə isə 2019-2020-ci tədris ilindən STEAM təhsilinin tətbiqinə başlanılmışdır.

Azərbaycan Dövlət Pedaqoji Universitetin Ağcabədi filialında 2022-2023-cü tədris ilindən STEAM laboratoriyası fəaliyyətə başlayıb. Labarotoriyamızda aşağıdakı cihazlardan istifadə olunur:

  1. 3D printer
  2. 3D qələm
  3. Mimio dəsti
  4. Mikro:bit dəsti
  5. Elektronika dəsti
  6. Təhsil robotu

STEAM LABORATORİYASI