06.11.2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında 8 Noyabr – Zəfər Gününün 6-cı ildönümünə həsr olunmuş “Qalib xalqın Zəfər salnaməsi” mövzusunda tədbir keçirilib.
Tədbirdən öncə filial rəhbərliyi, müəllimlər və tələbələr Ağcabədi şəhərində yerləşən Qəhrəmanlar Parkını ziyarət edərək Vətən uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə filialın direktoru, dosent Mobil Məcidov açaraq 8 Noyabr – Zəfər Gününün xalqımızın tarixindəki müstəsna əhəmiyyətindən, Azərbaycanın qazandığı tarixi Qələbədən və bu Zəfərin milli qürur mənbəyimiz olmasından bəhs edib.
Ardınca Zəfər Gününə və 44 günlük Vətən müharibəsinə həsr olunmuş videoçarxlar nümayiş etdirilib.
Tədbirdə “İctimai, təbiət fənləri və onların tədrisi texnologiyası” kafedrasının dosenti Məhəmməd Hüseynov və tərbiyə işləri üzrə direktor müavini, dosent Mahir Səlimov çıxış edərək Zəfər Gününün tarixi əhəmiyyətindən, Azərbaycan Ordusunun qəhrəmanlığından və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan tarixi Qələbədən bəhs ediblər.
Tədbirdə filialın I tədris ili tələbəsi, şəhid Cəfərov Anar Qəzənfər oğlunun övladı Ayşən Cəfərova da çıxış edərək şəhid ailəsi olaraq Zəfər Gününün onlar üçün daşıdığı mənəvi əhəmiyyətdən danışıb.
Çıxışlarda Vətən müharibəsinin xalqımızın yaddaşında silinməz iz qoyduğu, Zəfər tariximizin öyrənilməsinin və gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb.
Sonda tədbir iştirakçılarına Zəfər Gününün xalqımızın milli birliyinin, iradəsinin və qəhrəmanlığının təcəssümü olduğu bir daha xatırladılıb.
















