Ağcabədi şəhər Camal İbrahimov adına 8 saylı tam orta məktəbdə Uşaq Hüquqları Aylığı çərçivəsində maarifləndirici görüş keçirilib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı və Ağcabədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən görüşdə universitetin müəllimləri Radə Qafarova, Samir Sultanov və Ağcabədi Rayon İcra Hakimiyyətinin əməkdaşı İlahə Qasımova iştirak ediblər.
Görüş zamanı məktəblilərlə uşaq hüquqlarının mahiyyəti, uşaqların əsas hüquq və vəzifələri, hüquqların qorunması, təhlükəsiz mühitdə yaşamaq və inkişaf etmək imkanları, eləcə də uşaqların öz hüquqlarını bilməsinin əhəmiyyəti barədə söhbətlər aparılıb.
İnteraktiv müzakirələr zamanı şagirdlərin mövzu ilə bağlı fikirləri dinlənilib, onların sualları cavablandırılıb, müxtəlif həyat situasiyaları ətrafında maraqlı diskussiyalar aparılıb. Şagirdlərin müzakirələrdə fəal iştirakı, öz fikirlərini sərbəst ifadə etmələri görüşün diqqətçəkən məqamlarından biri olub.
Belə maarifləndirici görüşlərin keçirilməsi uşaqların hüquqi biliklərinin və məlumatlılığının artırılması, öz hüquqlarını tanıyan, müdafiə etməyi bacaran və cəmiyyət həyatında fəal iştirak edən şəxsiyyətlər kimi formalaşmasına dəstək baxımından mühüm əhəmiyyət daşıyır.
Uşağın hüquqlarını tanıması onun özünü, başqalarını və cəmiyyətdəki yerini daha yaxşı anlamasının ilk addımlarından biridir.








