22 iyun 2022-ci il tarixdə ADPU-nun Ağcabədi filialında “Məzun Günü” münasibətilə tədbir keçirilib. Tədbirdə bu il məzun olan “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “Tarix və coğrafiya müəllimliyi”, “Riyaziyyat və informatika müəllimliyi”, “İbtidai sinif müəllimliyi” və “Məktəbəqədər təlim və tərbiyə” ixtisasının məzunları, valideynlər, ötən illərdə filialın məzunu olmuş örnək təhsil işçiləri, filialın professor-müəllim heyəti və media nümayəndələri iştirak edirdilər.
Tədbirdə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş oğullarımızın müqəddəs ruhları bir dəqiqəlik sükütla yad edildi. Sonra Dövlət Himni səsləndirildi.
Tədbir iştirakçılarını, xüsusilə fəxri qonaqlar və valideynləri böyük səmimiyyətlə salamlayan filialın direktoru, dosent Mobil Məcidov məzunlara öz ürək sözlərini söyləyərkən, onların təhsil əldə etməsində filial əməkdaşları qədər valideynlərinin də əməyinin olduğunu vurğuladı və bildirdi ki, “Təhsil millətin gələcəyidir” – deyən Ulu Öndər Heydər Əliyevin təhsil ictimaiyyətinə verdiyi bu mesajı həmişə əməli fəaliyyətimizdə unutmur və millətimizin tərəqqisi, gənclərimizin elm və təhsil sahəsində uğur əldə etməsi naminə vicdanla çalışmağı özümüzə borc bilirik.
“Məzun Günü”ndə filialın müvafiq ixtisasları üzrə bir qrup məzunu filial direktorunun əmrinə əsasən “Təhsildə əldə etdiyi uğurlara görə” və “Filialın mədəni-kütləvi və ictimai təbirlərində yaxından iştirakına görə” fəxri diplomları ilə təltif olundular.
Tədbirdə çıxış edən qonaqlar və məzunlar ADPU-nun Ağcabədi filialında yaradılan örnək təhsil mühiti və uğurla həyata keçirilən imtahan sessiyasının təşkilinə görə filial rəhbərliyinə sonsuz minnətdarlıq ifadə etdilər.
Rəsmi hissədən sonra tədbir müsiqili-əyləncəli proqramla davam etdirildi.