26 noyabr 2026-cı il tarixində Senior Expert Service (SES) təşkilatı və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin əməkdaşlığı çərçivəsində ADPU-nun Ağcabədi filialında Almaniyadan dəvət olunmuş psixoterapevt, ixtisaslı pedaqoq və beynəlxalq ekspert Barbara Ruthardt-Horneber ilə görüş keçirilib.
Görüşdə universitet rəhbərliyi, pedaqoji heyət, eləcə də “Sosial iş” və “Təhsildə sosial-psixoloji xidmət” ixtisasları üzrə tələbələr iştirak ediblər.
İnteraktiv təlim-seminar zamanı ekspert psixoterapiya, psixososial dəstək, həssas əhali qrupları ilə iş, travma yaşamış şəxslərə yanaşma, emosional dayanıqlılıq və peşəkar tükənmişliyin qarşısının alınması istiqamətində beynəlxalq təcrübəsini bölüşüb. Praktik məşğələlər, real həyat situasiyaları və müzakirələr vasitəsilə tələbələrin sualları cavablandırılıb.
25 noyabr – 10 dekabr tarixlərini əhatə edən “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində keçirilən görüşdə qadın və uşaqların müdafiəsi, zorakılıqdan zərər çəkmiş şəxslərə psixososial dəstəyin göstərilməsi, sosial işçilərin və psixoloqların rolu xüsusi vurğulanıb.
Tədbirin əsas mesajlarından biri başqalarına dəstək göstərən mütəxəssislərin öz psixoloji rifahına, emosional sağlamlığına və davamlı peşəkar inkişafına diqqət yetirməsinin vacibliyi olub.
Görüş tələbələrin fəal iştirakı ilə səmərəli və yaddaqalan keçib. Sonda qonağa təşəkkür edilib, tələbələrə hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkilib.
Bu görüş beynəlxalq təcrübənin paylaşılması, gələcəyin sosial işçilərinin və psixoloqlarının peşəkar inkişafı, eləcə də ali təhsil müəssisələri ilə vətəndaş cəmiyyəti arasında əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli olub.
















