26 may 2026-cı il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında Azərbaycanın xalq şairi Səməd Vurğunun anadan olmasının 120-ci ilinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
“Ayrılarmı könül candan” mövzusunda təşkil olunan konfransda filialın professor-müəllim heyəti, həmçinin filialın “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə ötən illərin məzunları iştirak ediblər.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən torpaqları uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi sükutla yad edilib.
Konfransı giriş sözü ilə açan filialın direktoru, dosent Mobil Məcidov Səməd Vurğunun zəngin yaradıcılığı və Azərbaycan ədəbiyyatındakı mühüm yeri haqqında ətraflı məlumat verib.
Daha sonra söz məruzəçilərə verilib .
Filialın “Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası” kafedrasının dosenti Sabir Məmmədov “Səməd Vurğunun həyat və yaradıcılığı” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə şairin zəngin və çoxşaxəli yaradıcılıq yolu, onun Azərbaycan ədəbiyyatının inkişafındakı rolu geniş şəkildə təhlil olunub.
Məruzədə bildirilib ki, Səməd Vurğun XX əsr Azərbaycan poeziyasının aparıcı simalarından biri kimi milli ədəbiyyatın ideya-estetik istiqamətinin formalaşmasında mühüm rol oynayıb. Onun əsərlərində vətənpərvərlik, humanizm və insan ləyaqəti məsələləri ön planda dayanır.
Sabir Məmmədov həmçinin şairin dramaturgiya sahəsindəki fəaliyyətinə də toxunaraq, onun “Vaqif” dramının Azərbaycan səhnəsində xüsusi yer tutduğunu qeyd edib. Məruzədə vurğulanıb ki, Səməd Vurğunun yaradıcılığı bu gün də öz aktuallığını qoruyur və gənc nəsil üçün mənəvi-əxlaqi örnək kimi çıxış edir.
Filialın “Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi, t.ü.f.d. Əlizadə Nəcəfov “Deyilən söz yadigardır” adlı məruzəsində Səməd Vurğun yaradıcılığında sözün estetik və mənəvi mahiyyətini geniş şəkildə təhlil edib.
Məruzəçi qeyd edib ki, Səməd Vurğun üçün söz sadəcə ifadə vasitəsi deyil, xalqın yaddaşı, milli kimliyin daşıyıcısı və mənəvi dəyərlərin qoruyucusudur. O, şairin poeziyasında sözün qüdrətinin və məsuliyyətinin xüsusi yer tutduğunu vurğulayaraq bildirib ki, Vurğun sözə yüksək etik və estetik meyarlarla yanaşmış, onu xalqın taleyi və gələcəyi ilə bağlamışdır.
Filialın “Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası” kafedrasının müdiri, dosent Vaqif Allahverdiyev “Səməd Vurğunun yaradıcılığında poetik yeniləşmə mərhələsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə şairin yaradıcılığında müşahidə olunan yenilikçi meyillər, poetik dilin zənginləşdirilməsi və forma axtarışları geniş şəkildə təhlil olunub.
Çıxış əsnasında vurğulanıb ki, Səməd Vurğun klassik ənənələrlə müasir poetik düşüncəni üzvi şəkildə birləşdirərək Azərbaycan poeziyasında yeni mərhələnin əsasını qoyub. Onun yaradıcılığında xalq ruhuna bağlılıqla yanaşı, fərdi üslub xüsusiyyətləri, obrazlılıq və emosional ifadə gücü diqqəti cəlb edir.
Vaqif Allahverdiyev qeyd edib ki, şairin poetik yeniləşmə istiqamətində atdığı addımlar Azərbaycan ədəbiyyatının inkişafına mühüm təsir göstərmiş, sonrakı nəsil şairlərin yaradıcılıq istiqamətini formalaşdırmışdır.
Məruzələr ətrafında geniş müzakirələr aparılıb, çıxışlar dinlənilib. Filialın məzunlarından – Laçın rayon Elçin Məhərrəmov adına Hacılar kənd orta məktəbinin müəllimi İmaməli Əhmədəliyev, Kəlbəcər şəhər 32 saylı orta məktəbiun müəllimi Eyvaz Eyvazlı, Füzuli rayon Qayıdış qəsəbəsində İnzibati ərazi nümayəndəsiişləyən Əhməd Qulamzadə və Zərdab rayonu, Hüseynxanlı kənd orta məktəbinin müəllimi Pərviz Bəşirov məruzə ətrafında çıxış edərək Səməd Vurğun poeziyasının bəşəri mahiyyətindən, təkrarsız sənət nümunəsi olmasından danışdılar.
Plenar iclasdan sonra konfrans öz işini bölmələrdə davam etdirib, burada ayrı-ayrı istiqamətlər üzrə elmi məruzələr təqdim olunub.
Sonda konfransın işində fəal iştirak edən müəllim və məzunlara sertifikatlar təqdim edilib.






















