Elmi Konfranslar Tədbirlər Xəbərlər
Şərh yoxdu

21 may 2026-cı il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev irsi və gənclərin vətənpərvərlik tərbiyəsi” mövzusunda Tələbə Elmi Cəmiyyətinin XX konfransı keçirilib. 

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

Konfransı giriş sözü ilə açan filialın direktoru, dosent Mobil Məcidov Heydər Əliyevin gənclər siyasətinin əhəmiyyətindən bəhs edib. O, Heydər Əliyevin müəyyən etdiyi gənclər siyasətinin bu gün də uğurla davam etdirildiyini vurğulayıb. Çıxışda gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyi və əhəmiyyəti xüsusilə qeyd olunub.  

Açılış nitqindən sonra Ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş videorolik nümayiş etdirilib. Sonra məruzələr dinlənilib. 

Filialın tədris və elmi işlər üzrə direktor müavini, dosent Seymur Süleymanov məruzəsində Heydər Əliyev irsinin gənclərin vətənpərvərlik tərbiyəsində mühüm ideoloji və mənəvi əsas təşkil etdiyini vurğulayıb. O qeyd edib ki, Ulu Öndərin dövlətçilik prinsipləri, milli dəyərlərə bağlılıq və vətən sevgisi gənc nəslin formalaşmasında istiqamətverici rol oynayır. Məruzədə həmçinin bildirilib ki, bu irsin təbliği gənclərin milli kimlik şüurunun möhkəmlənməsinə və onların cəmiyyətə faydalı vətəndaş kimi yetişməsinə mühüm təsir göstərir.  

Tələbə Elmi Cəmiyyətinin sədri, filialın “Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası” kafedrasının müəllimi Sevinc Mirzəyeva “Heydər Əliyev irsi: xalqın yaddaşında yaşayan liderdən gələcəyi quran gəncliyə” mövzusunda məruzəsində Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında əbədi yaşayan lider kimi xüsusi yer tutduğunu vurğulayıb. O qeyd edib ki, Heydər Əliyevin siyasi fəaliyyəti yalnız öz dövrü ilə məhdudlaşmayaraq, bu gün də müasir Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil edir. 

Məruzədə bildirilib ki, Ulu Öndərin dövlətçilik ideyaları, milli-mənəvi dəyərlərə bağlılığı və xalqına olan sonsuz sevgisi gənclər üçün örnəkdir. Sevinc Mirzəyeva vurğulayıb ki, gənc nəslin vətənpərvərlik ruhunda formalaşması üçün Heydər Əliyev irsinin öyrənilməsi və təbliği xüsusi əhəmiyyət daşıyır. 

Eyni zamanda məruzədə Heydər Əliyevin təhsilə, elmə və gənclərə göstərdiyi diqqət və qayğının bu gün də davam etdirildiyi diqqətə çatdırılıb. Bildirilib ki, onun müəyyən etdiyi strateji xətt Azərbaycanın gələcəyinin təminatçısı olan gənclərin hərtərəfli inkişafına yönəlib. Sevinc Mirzəyeva çıxışında gənclərin müasir dünyada milli dəyərlərə sadiq qalmasının vacibliyini də xüsusi qeyd edib. 

Sonda o, Heydər Əliyev ideyalarına sadiq, vətənpərvər və intellektual gəncliyin formalaşmasının ölkənin davamlı inkişafı üçün əsas şərtlərdən biri olduğunu bildirib. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb və müzakirələrə səbəb olub. 

Məruzələr ətrafında çıxışlar dinlənilib, mövzu üzrə geniş fikir mübadiləsi aparılıb. Plenar iclasdan sonra konfrans öz işini 5 bölmədə davam etdirib. 

Sonda iştirakçılara sertifikatlar təqdim olunub və tədbirin gənclərin elmi fəaliyyətə cəlb olunması, onların vətənpərvərlik ruhunda yetişdirilməsi baxımından əhəmiyyəti xüsusi qeyd edilib. 



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.