ADPU-nun Ağcabədi filialında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilib
06 may 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında “Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası” kafedrasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanın təhsil siyasəti” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Konfransın əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra Ulu Öndər Heydər Əliyevin zəngin ömür yolundan, xalqımız və dövlətimiz qarşısındakı tarixi xidmətlərindən, xüsusilə Azərbaycan elminin və təhsilinin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edən videoçarx nümayiş olunmuşdur.
Konfransda filial rəhbərliyi, professor-müəllim heyəti, müxtəlif illərin məzunları və tələbələr iştirak etmişlər.
Konfransı giriş sözü ilə açan filialın direktoru, dosent Mobil Məcidov Ümummilli Liderin təhsil strategiyasının bu gün uğurla davam etdirildiyini və bu sahədə əldə olunan nailiyyətlərin məhz həmin uzaqgörən siyasətin bəhrəsi olduğunu vurğulamışdır.
Konfransın plenar iclasında aşağıdakı mövzularda məruzələr dinlənilmişdir:
• Dosent Seymur Süleymanov (Tədris və elmi işlər üzrə direktor müavini): “Heydər Əliyevin Azərbaycanın təhsil siyasətinin formalaşmasında rolu”;
• Əlizadə Nəcəfov (Tarix üzrə fəlsəfə doktoru, baş müəllim): “Heydər Əliyev və Azərbaycanda ali məktəbin inkişafı”;
• Tahir Kərimli (Pedaqogika üzrə fəlsəfə doktoru, kafedra müdiri): “Heydər Əliyev irsində ideya-siyasi tərbiyə və pedaqoji prosesdə ondan istifadə”.
Məruzələr ətrafında aparılan müzakirələrdən sonra konfrans öz işini dörd bölmə üzrə davam etdirmişdir. Ümumilikdə 113 məruzənin dinlənildiyi bölmə iclaslarında Heydər Əliyev ideyalarının müasir təhsil metodologiyasına təsiri geniş təhlil olunmuşdur.
Sonda filialın direktoru, dosent Mobil Məcidov konfransın yüksək səviyyədə təşkil olunmasında əməyi keçən əməkdaşlara təşəkkürünü bildirmiş və iştirakçılara sertifikatlar təqdim etmişdir.






















