01 may 2026-cı il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında “İctimai, təbiət fənləri və onların tədrisi texnologiyası” kafedrasının təşkilati dəstəyilə “Şəhərsalma və memarlıq ili”nə həsr olunmuş “Azərbaycanda şəhərsalma və memarlığın inkişafı: tarixdən gələcəyə” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransda filialın rəhbərliyi, professor-müəllim heyəti, filialın “Tarix və coğrafiya müəllimliyi” ixtisası üzrə müxtəlif illərin məzunları və tələbələr də iştirak ediblər. Konfransın keçirilməsində əsas məqsəd Azərbaycanda şəhərsalma və memarlıq sahəsində əldə edilmiş nailiyyətlərin elmi müstəvidə təhlili, tarixi inkişaf mərhələlərinin araşdırılması və gələcək perspektivlərin müzakirəsi olub.
Konfransı giriş sözü ilə açan filialın direktoru, dosent Mobil Məcidov Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına diqqət çəkib. Qeyd edib ki, şəhərsalma və memarlıq sahəsinin ölkənin sosial-iqtisadi inkişafında mühüm rolu vardır. O, ölkə rəhbərliyinin bu istiqamətdə həyata keçirdiyi dövlət siyasətinin əhəmiyyətindən də danışıb. Bildirib ki, Azərbaycanın qədim memarlıq ənənələri müasir urbanizasiya prosesləri ilə uzlaşaraq yeni inkişaf mərhələsinə qədəm qoyub.
Konfransın plenar iclasında müxtəlif mövzular üzrə məruzələr dinlənilib.
“Azərbaycan şəhər infrastrukturunun tarixi və müasir xüsusiyyətləri” mövzusunda məruzə edən filialın “İctimai, təbiət fənləri və onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi Araz Əliyev Azərbaycanın şəhər infrastrukturunun formalaşma mərhələlərini tarixi aspektdə təhlil edərək sovet dövründən müasir dövrə qədər olan inkişaf dinamikasının elmi izahını verib. Qeyd edib ki, urbanizasiya proseslərinin sürətlənməsi şəhər infrastrukturuna olan tələbatı artırmış, bu isə bir sıra yeni çağırışların yaranmasına səbəb olmuşdur. Xüsusilə nəqliyyat sisteminin yüklənməsi, mühəndis-kommunikasiya xətlərinin köhnəlməsi, ətraf mühitin qorunması və yaşayış mühitinin keyfiyyətinin yüksəldilməsi kimi məsələlər müasir şəhərsalmanın əsas problemləri kimi diqqətə çatdırılıb.
Məruzədə bu problemlərin həlli yolları da irəli sürülüb. Bildirilib ki, innovativ texnologiyaların tətbiqi, “ağıllı şəhər” konsepsiyalarının genişləndirilməsi, dayanıqlı inkişaf prinsiplərinə əsaslanan planlaşdırma və regionların balanslı inkişafı şəhər infrastrukturunun təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Filialın “Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Əlizadə Nəcəfov “Qarabağ mədəniyyəti və erməni vandalizmi” mövzusunda məruzə ilə çıxış edib. O, çıxışında Qarabağın zəngin tarixi-mədəni irsindən bəhs edərək bu bölgənin Azərbaycan mədəniyyətində xüsusi yer tutduğunu vurğulayıb. Bildirilib ki, Qarabağ ərazisində yerləşən çoxsaylı tarixi abidələr, məscidlər, məqbərələr və digər memarlıq nümunələri əsrlər boyu formalaşmış yüksək mədəniyyətin göstəricisidir.
Məruzədə işğal dövründə bu abidələrin dağıdılması, təhrif edilməsi və mənimsənilməsi faktlarına toxunulub, erməni vandalizminin Azərbaycan mədəni irsinə vurduğu ziyan konkret faktlar əsasında diqqətə çatdırılıb. Eyni zamanda azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, tarixi abidələrin restavrasiyası istiqamətində həyata keçirilən tədbirlər xüsusi vurğulanıb.
Filialın “İctimai, təbiət fənləri və onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Anar Kərimli isə “Azərbaycan memarlığında zamanın izləri: qədimdən müasirə” mövzusunda çıxış edərək Azərbaycan memarlığının tarixi inkişaf mərhələlərini geniş şəkildə təhlil edib. O, çıxışında qədim dövrlərdən başlayaraq orta əsr memarlıq nümunələri, klassik üslub xüsusiyyətləri və müasir memarlıq tendensiyaları arasında əlaqəni elmi əsaslarla izah edib. Bildirilib ki, Azərbaycan memarlığı müxtəlif dövrlərin estetik və funksional xüsusiyyətlərini özündə birləşdirərək zəngin və çoxşaxəli inkişaf yolu keçmişdir.
Məruzədə həmçinin milli memarlıq ənənələrinin müasir dövrdə qorunması və yeni tikililərdə tətbiqi məsələlərinə toxunulub, tarixi irsin müasir şəhərsalma konsepsiyaları ilə uzlaşdırılmasının vacibliyi vurğulanıb. Memarlıqda innovativ yanaşmaların və texnologiyaların tətbiqi ilə milli üslubun sintezinin gələcək inkişaf baxımından xüsusi əhəmiyyət daşıdığı qeyd olunub.
Sonra məruzələr ətrafında çıxışlar dinlənilib.
Filialın “Tarix və coğrafiya müəllimliyi” ixtisasının müvafiq illər üzrə məzunları – Anar Quliyev, Bayram Novruzlu, Röyal Kərimov, Anar Əliyev, Şəbnəm Həsənova, Vüsalə Baxışova, Salatın Mürşüdova və başqaları məruzə ətrafındakı çıxışlarında Azərbaycanın qədim və orta əsr memarlıq irsi, müasir şəhərsalma strategiyaları, regionların inkişafında urbanistik yanaşmalar, eləcə də memarlıqda innovativ texnologiyaların tətbiqi məsələləri geniş şəkildə işıqlandırılıb.
Sonra konfrans öz işini bölmələrdə davam etdirib. Üç bölmə üzrə davam edən konfransda ümumilikdə 78 çıxış dinlənilib.
Çıxışlar zamanı iştirakçılar arasında fikir mübadiləsi aparılıb, mövzu ilə bağlı aktual problemlər və onların həlli yolları müzakirə olunub. Belə qənaətə gəlinib ki, Azərbaycanda şəhərsalma və memarlıq sahəsinin davamlı inkişafı üçün elmi araşdırmaların genişləndirilməsi, innovativ yanaşmaların tətbiqi və milli memarlıq irsinin qorunması prioritet istiqamətlərdəndir.
Sonda filialın direktoru, dosent Mobil Məcidov konfransın təşkilində xüsusi xidməti olan əməkdaşlara dərin təşəkkürünü bildirdi və konfrans iştirakçılarına sertifikatlar təqdim etdi.





















