ADPU-nun Ağcabədi filialında Səməd Vurğunun 120 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib
30 aprel 2026-cı il tarixində ADPU-nun Ağcabədi filialında xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illik yubileyi münasibətilə “Demə Səməd Vurğun gəldi-gedərdi…” adlı ədəbi-bədii gecə keçirilmişdir.
Tədbir filialın “Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi Sevinc Məhərrəmovanın təşkilatçılığı ilə baş tutub.
Tədbirdə filialın rəhbərliyi, professor-müəllim heyəti və tələbələrlə yanaşı, dəvət olunmuş qonaqlar da iştirak ediblər. Təşkilatçı Sevinc Məhərrəmova çıxış edərək ölməz şairin Azərbaycan ədəbiyyatının inkişafındakı misilsiz xidmətlərindən və dilimizin saflığı uğrunda apardığı yaradıcılıq yolundan bəhs edib.
Gecənin bədii hissəsi tələbələrin hazırladığı rəngarəng proqramla davam edib. Tələbələr şairin yazdığı ölməz şeirləri səsləndirib, sözlərinə bəstələnmiş mahnıları ifa ediblər. Eyni zamanda, şairin ömür yolunu və yaradıcılığındakı mühüm məqamları canlandıran maraqlı səhnəciklər nümayiş olunub.
Tədbir həm qonaqlar, həm də iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Sonda bu cür tədbirlərin tələbələrin bədii zövqünün formalaşmasında və milli-mənəvi dəyərlərə bağlılıq ruhunda tərbiyə olunmasında mühüm rolu vurğulanıb.














