Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialı ilə ümumtəhsil məktəbləri arasında əməkdaşlıq çərçivəsində növbəti maarifləndirici tədbir baş tutub.
Filialın “Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası” kafedrasının müdiri, p.ü.f.d., baş müəllim Tahir Kərimli, Tədrisin idarə olunması şöbəsinin müdiri Şəbnəm Abbasova, kafedranın müəllimi Sevinc Mirzəyeva və “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının III tədris ili tələbələri Ağcabədi şəhəri C. İbrahimov adına 8 saylı tam orta məktəbdə seminar keçiriblər.
Görüş məktəbin 7-11-ci sinif şagirdləri və müəllim heyətinin iştirakı ilə aşağıdakı aktual mövzulara həsr olunub:
“Məktəb mühitində görünməyən duyğuları görünür etmək”: Şagirdlərin emosional vəziyyəti, özünüifadə və daxili narahatlıqların idarə olunması.
Qarşılıqlı münasibətlərin tənzimlənməsi: Müəllim-şagird və şagird-şagird münasibətlərində sağlam ünsiyyət etikası.
İnklüziv təhsilin əhəmiyyəti: Xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası və təhsil mühitində bərabərlik prinsipləri.
Tədbirdə çıxış edən mütəxəssislər müasir təhsil sistemində psixoloji xidmətin rolundan bəhs edərək, məktəblilərin mənəvi-psixoloji inkişafının dərslərə adaptasiya prosesinə təsirini vurğulayıblar. Tələbələr öz növbəsində gələcək mütəxəssis kimi mövzu ilə bağlı interaktiv müzakirələr aparıb, şagirdləri maraqlandıran sualları cavablandırıblar.








