26.02.2026-cı il tarixdə ADPU-nun Ağcabədi filialında Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Xocalı – XX əsrin unudulmayan faciəsi” mövzusunda anım tədbiri keçirilib.
Tədbirdən öncə iştirakçılar Ağcabədi şəhərində yerləşən Qəhrəmanlar Parkını ziyarət ediblər. Burada Xocalı soyqırımı qurbanlarının və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunub, onların göstərdikləri qəhrəmanlıq və fədakarlığın xalqımızın yaddaşında əbədi yaşayacağı vurğulanıb. Ziyarət gənclərdə vətənpərvərlik ruhunun daha da güclənməsinə töhfə verib.
Daha sonra tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Xocalı soyqırımı qurbanlarının, eləcə də Vətən müharibəsində şəhid olmuş igidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Filial rəhbərliyi, professor-müəllim heyəti və tələbələrin iştirakı ilə keçirilən tədbirdə çıxış edənlər 1992-ci ilin 26 fevral tarixində Xocalıda törədilmiş dəhşətli qətliam haqqında ətraflı məlumat veriblər. Qeyd olunub ki, Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biridir və bu faciə xalqımızın qan yaddaşına əbədi həkk olunub. Bildirilib ki, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması hər bir azərbaycanlının mənəvi borcudur.
Tədbir çərçivəsində Xocalı faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib, tələbələr soyqırımı qurbanlarının xatirəsinə ithaf olunmuş şeirlər səsləndiriblər. Onların duyğulu çıxışları iştirakçılar tərəfindən dərin təsir və hüznlə qarşılanıb.
Sonda çıxış edənlər belə tədbirlərin gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi, tarixi yaddaşın qorunub saxlanılması və Xocalı həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.
















