Ağcabədidə “Sahibkarlıq subyektləri üçün gənc bacarıqların səfərbər edilməsi proqramı” layihəsinin icrası davam edir və layihənin icrası çərçivəsində növbəti qruplar üçün təlimlərə start verilib. İlk olaraq Azərbaycan Dövlət Pedoqoji Universitetinin Ağcabədi filialının tələbəsi olan gənclərin iqtisadi düşüncə tərzinin inkişafı və yaradıcılığa əsaslanan biznes ideyalarının formalaşdırılması məqsədilə “Sahibkarlığa giriş və biznes ideyasının formalaşdırılması” mövzusu üzrə birinci modul təlim təşkil olunub.
Təlimin əsas məqsədi iştirakçılarda sahibkarlıqla bağlı anlayışları dərinləşdirmək, ideya formalaşdırma bacarıqlarını inkişaf etdirmək və real problemlərə innovativ yanaşma vərdişləri aşılamaqdır.
Təlimdə interaktiv oyun və praktiki tapşırıqlar əsasında iştirakçılara sahibkarlığın mahiyyəti, iqtisadi sistemdəki rolu, fərdi təşəbbüskarlığın əhəmiyyəti və müasir sahibkarların xarakterik xüsusiyyətləri haqqında məlumatlar verilib, suallar cavablandırılıb. Müzakirələr zamanı iştirakçılar risk almaq cəsarəti, innovativ düşüncə, əzmkarlıq, komanda qurmaq bacarığı kimi uğurlu sahibkarların əsas keyfiyyətlərini analiz ediblər. Təlimin gedişində iştirakçılara sahibkarlıq fəaliyyətinin seçimi məsələsinə iqtisadi yanaşma təqdim olunub. Gəlir, xərc, mühasibat mənfəəti, alternativ xərc, alternativ dəyər, iqtisadi mənfəət anlayışları izah olunub.
Təlimin sonunda iştirakçılara güclü və zəif tərəflərin, imkanların və təhdidlərin təhlilini həyata keçirən SWOT təhlili haqqında geniş məlumat verilib. Bu anlayışlar, gənclərin öz biznes ideyalarını daha mükəmməl formalaşdırmalarına və qarşılaşa biləcəkləri riskləri düzgün qiymətləndirmələrinə kömək edəcək. Eyni zamanda, iştirakçılara SWOT təhlili əsasında komanda tapşırıqları verilib və onlar birgə əməkdaşlıq edərək öz ideyalarını bu yanaşma ilə qiymətləndirdilər.
“Sahibkarlıq subyektləri üçün gənc bacarıqların səfərbər edilməsi proqramı” layihəsinin həyata keçirilməsinə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi – KOBİA tərəfindən elan edilmiş 7-ci qrant müsabiqəsi çərçivəsində qrant ayrılıb.










