ADPU-nun Ağcabədi filialında Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
24 oktyabr 2025-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında “Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası” kafedrasının təşkilatçılığı ilə Xalq şairi, görkəmli ədib və ictimai xadim Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Bəxtiyar Vahabzadə yaradıcılığında milli özünüdərkin bədii-fəlsəfi ifadəsi” mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi və Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Konfransda filial rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və ədəbiyyatsevərlər iştirak ediblər. Filialın direktoru, dosent Mobil Məcidov açılış nitqi ilə çıxış edərək şairin ədəbi irsinin milli kimliyin formalaşmasındakı rolu və bugünkü nəsil üçün əhəmiyyətindən bəhs edib.
Plenar iclasda “Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası” kafedrasının müdiri, dosent Vaqif Allahverdiyev “Bəxtiyar Vahabzadənin yaradıcılığında fəlsəfi fikrin poetik ifadəsi”, kafedranın dosenti Sabir Məmmədov isə “Bəxtiyar Vahabzadənin yaradıcılığının bədii sənətkarlıq xüsusiyyətləri”mövzularında məruzələrlə çıxış ediblər.
Konfrans çərçivəsində tələbələr tərəfindən Bəxtiyar Vahabzadənin şeirləri səsləndirilib, onun həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub. Həmçinin öncədən keçirilmiş şeir və inşa müsabiqəsinin qaliblərinə diplomlar, digər iştirakçılara isə sertifikatlar təqdim olunub.
Sonda çıxış edənlər belə tədbirlərin gənclərin vətənpərvərlik ruhunda yetişməsinə töhfə verdiyini və bu cür elmi tədbirlərin davamlı olaraq keçirilməsinin vacibliyini vurğulayıblar.
Plenar iclasdan sonra konfrans öz işini bölmə iclasları ilə davam etdirib. Bölmə iclaslarında filialın müxtəlif kafedralarını təmsil edən 50-dək müəllim Bəxtiyar Vahabzadənin yaradıcılığına dair müxtəlif aspektləri əhatə edən məruzələrlə çıxış ediblər.















