Dekabrın 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında “Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası“ kafedrasının müəllimi Sevinc Mirzəyevanın təşkilatçılığı ilə “03 Dekabr- Beynəlxalq Əlilliyi olan şəxslər günü” münasibəti ilə “İnklüziv Təhsil Bərabərhüquqlu Cəmiyyətin Təməlidir” mövzusunda tədbir keçirilib. Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının professor-müəllim heyəti, əlilliyi olan uşaqlar və onlara xidmət göstərən Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisinin əməkdaşları və tələbələr iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Dövlət himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan filialın “Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası” kafedrasının müdiri p.ü.f.d., b\m, Tahir Kərimli tədbir iştirakçılarını salamlayaraq tədbirin əhəmiyyətindən danışıb. İnklüziv, bərabərhüquqlu cəmiyyətin yaranması üçün inklüziv təhsilin önəmini xüsusi vurğulayıb.
Daha sonra videoçarx nümayiş etdirilib.
Mövzu ətrafında çıxışlar dinlənilib: Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisinin əməkdaşı Bayramzadə Kəmalə, “İctimai, təbiət fənləri və onların tədrisi texnologiyası“ kafedrasının müdiri dos. Baxış Ələsgərov, “İctimai, təbiət fənləri və onların tədrisi texnologiyası“ kafedrasının t.ü.f.d., b\m. Anar Kərimli, Cəmiyyətimizdə inklüziv təhsilin yeri və rolu, İnklüziv təhsilin gələcək prespektivləri kimi mövzular ilə bağlı ətraflı çıxış ediblər.
Mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.
Eyni zamanda GTM Qarabağ ofisinin könüllüləri və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının tələbələri tərəfindən əlilliyi olan uşaqlara 5 bacarığın inkişafı ilə əlaqədar olaraq oyunlar, praktiki məşğələlər keçirilib. Uşaqlar əyləncəli fəaliyyətlərə qoşularaq əylənərək öyrəniblər.
Sonra isə “İnklüziv Təhsil və Uşaq İnkişaf” mərkəzindən tədbirimizdə iştirak edən gül balalarımızın hazırladıqları rəqsə tamaşa edilib. Sonda Gül balalarımıza hədiyyələr təqdim olunub.