27 may 2024-cü il tarixdə ADPU-nun Ağcabədi filialında filialın “İctimai, təbiət fənləri və onların tədrisi texnologiyası” kafedrasının dosenti Məhəmməd Hüseynovun xalqımızın şanlı tarixinə həsr etdiyi “44 günlük Zəfər savaşı” adlı kitabının təqdimat mərasimi keçirildi. Mərasimdə filialın professor-müəllim heyəti, Ağdam Dövlət Sosial-İqtisad Kollecinin direktoru, professor Natiq Cavadov, Ağcabədi rayon Təhsil Sektorunun müdiri Teymur Qasımov, Ağcabədi rayon Mərkəzi Kitabxanasının müdiri Məhəbbət Əliyeva, Respublkianım Əməkdar Müəllimi Camal Abbasov, Ağdam rayon Səfərli kənd tam orta məktəbin direktoru Şakir Ağalarov, “Aran” qəzetinin redaktoru Məhsəti Musa, həmçinin filialın Pedaqoji fakültəsinin bir qrup tələbəsi iştirak edirdi.
Əvvəlcə Dövlət Himni səsləndirildi. Sonra Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan xalqının tarixi Zəfərini andiran videoçarx nümayiş etdirildi.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent Mobil Məcidov iştirakçıları salamladıqdan sonra Vətən Müharibəsinin bütün ayrıntılarını özündə birləşdirən “44 günlük Zəfər savaşı” adlı kitabın təqdimat mərasimini açıq elan etdi. Bundan sonra söz filialın “İctimai, təbiət fənləri və onların tədrisi texnologiyası” kafedrasının müdiri, dosent Baxış Ələsgərova verildi.
Dosent Baxış Ələsgərov işığına toplanılan “44 günlük Zəfər savaşı” adlı elmi-publisistik monoqrafiyanın məziyyətlərindən danışdı. Bildirdi ki, kitab gələcək nəsillərin müasir tariximizi öyrənməsi prosesində böyük əhəmiyyət kəsb edəcəkdir. O, zəfərə aparan yolun başlanğıcından sonunadək bütün tarixi faktları özündə əks etdirən “44 günlük Zəfər Savaşı” əsərini bir də ona görə əhəmiyyətli hesab etdi ki, bu kitab tariximizi yeni başdan yazan, xalqımızın igid oğullarının qəhrəmanlıq, bahadırlıq səlnaməsinin nişanəsidir.
Söz məruzəçiyə verildi.
“44 günlük Zəfər Savaşı” monoqrafiyası müasir tarixşünaslığımızın inkişafına layiqli töhfədir” mövzusunda məruzə edən filialın tərbiyə işləri üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Mahir Səlimov ilk öncə monoqrafiyanın qələmə alınma səbəblərindən danışdı. Bildirdi ki, dosent Məhəmməd Hüseynov üçün belə bir mövzuya müraciət etmək təbii və qanunauyğun bir haldır. Müharibənin ilk günündən vətənin müdafiəsinə üç oğul övladı yola salan dosent Məhəmməd Hüseynov həm bir ata olaraq, həm də tarixçi-alim kimi hadisələri yaxından izləmiş, şahidi olduğu, hər addımı böyük zəfərə aparan 44 günlük müharibənin təfərrüatlarına yaxşıca bələd olmuşdur.
Dosent Mahir Səlimov qeyd etdi ki, əsər giriş, 8 fəsil və nəticə hissəsindən ibarətdir. Bütün fəsillər bir-birinə vahid bir ideya ilə – Vətənə, xalqa məhəbbət, dövlətçiliyimizə sədaqət, xalq işi, Dövlət-Xalq-Ordu birliyi və bu birlikdən irəli gələn qalibiyyətin zəruriliyinə inam motivləri ilə möhkəm bağlanmışdır.
Monoqrafiyanın bütün fəsilləri barədə ətraflı məlumat verən dosent Mahir Səlimov, əsər müəllifinin yaxın tarixi keçmişimizi əbədi yaddaşlara yazmaq üçün atdığı bu addımı əsl vətəndaşlıq qayəsi adlandırdı.
Məruzə ətrafında çıxışlar dinlənildi.
Ağdam Dövlət Sosial-İqtisad Kollecinin direktoru, professor Natiq Cavadov, Ağcabədi rayon Təhsil Sektorunun müdiri Teymur Qasımov, Ağcabədi rayon Mərkəzi Kitabxanasının müdiri Məhəbbət Əliyeva, Ağdam rayon Səfərli kənd tam orta məktəbin direktoru Şakir Ağalarov, Respublikanın Əməkdar Müəllimi Camal Abbasov, filialın “Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Əlizadə Nəcəfov, tədris və elmi işlər üzrə direktor müavini, dosent Seymur Süleymanov çıxış edərək “44 günlük Zəfər Savaşı” monoqrafiyasının aktuallığından, müasir dövrün tarixi səlnaməsi kimi əhəmiyyətindən danışdılar. Əsər müəllifinin elmi-pedaqoji fəaliyyəti boyunca xalqa sədaqət, Vətənə məhəbbət ruhunda yetişdirdiyi gənclərin hazırda ölkə həyatının müxtəlif sahələrində şərəf və ləyaqətlə xidmətini də vurğuladılar. Qeyd olundu ki, dosent Məhəmməd Hüseynovun “44 günlük Zəfər Savaşı” adlı elmi-publisistik monoqrafiyası sanki işıqlı əməlləri ilə tarixin şanlı səhifəsini yazan igid oğullarımızın müqəddəs ruhlarına həsr olunmuş qəhrəmanlıq dastanıdır.
Çıxış edənlər dosent Məhəmməd Hüseynova cansağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzuladılar.
Sonda xalqımıza mənfur düşmən üzərində qələbə sevincini qazandıran Azərbaycan Ordusunun hünərli döyüş səhnələrini, onun qalib Ali Baş Komandanı, cənab İlham Əliyevin 44 günlük Vətən Müharibəsi boyunca xalqa müraciəti, işğaldan azad edilmiş torpaqlarımızın müjdəsini verən çıxışlarından ibarət videoçarx nümayiş etdirildi.