24 may 2024-cü il tarixdə ADPU-nun Ağcabədi filialında Dövlət Müstəqilliyimizin 106-cı ildönümünə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan tarixinin şanlı səhifəsidir” mövzusunda tədbir keçirildi. Tədbirdə filialın professor-müəllim heyəti, Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Vüsalə Əliyeva və Pedaqoji fakültənin bir qrup tələbəsi iştirak edirdi.
Tədbirə başlamazdan öncə Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edildi. Dövlət Himni səsləndirildi. Sonra Azərbaycanın Dövlət Müstəqilliyinin tarixinə həsr olunmuş videoçarx nümayiş etdirildi.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent Mobil Məcidov iştirakçıları salamladıqdan sonra milli istiqlal tariximizin şərəfli səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən danışdı. Qeyd etdi ki, tarixən bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal duyğusu güclü olan Azərbaycan xalqı 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə yenidən öz müstəqilliyini elan etdi. Azərbaycan Respublikası müstəqilliyin ilk illərində böyük təhlükə ilə üzləşsə də, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmiz xilas olaraq, sabit inkişaf yoluna qədəm qoydu.
Ulu Öndərin dövlətçiliyimizin qorunması, möhkəmləndirilməsi istiqamətində gördüyü işlərdən danışan dosent Mobil Məcidov, bu tarixi missiyanı Heydər Əliyevin Azərbaycan xalqına əvəzsiz xidməti kimi vurğuladı.
Sonra söz məruzəçiyə verildi.
“Azərbaycan xalq Cümhuriyyəti Azərbaycan tarixinin şanlı səhifəsidir” mövzusunda məruzə edən, filialın “İctimai, təbiət fənləri və onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi Araz Əliyev müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, dövlətin daxili və xarici siyasəti, qısa zaman ərzində həyata keçirdiyi mühüm ictimai-siyasi əhəmiyyətli islahatlardan danışaraq, bu respublikanın azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoyduğunu xüsusilə vurğuladı. O qeyd etdi ki, Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.
Araz Əliyev cümhuriyyətin ilk dəfə qadınlara seçim hüququ tanıması və bununla da gender bərabərliyini təmin etməsi, həmçinin milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahatlar və s. kimi məsələləri təmin etməsini həmin dövr üçün olduqca çətin, bir o qədər də böyük tarixi xidmət kimi diqqətə çatdırdı.
“Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir” sözləri Ümummilli Llider Heydər Əliyevin öz siyasi hakimiyyəti illərində apardığı uğurlu siyasətin nəticəsi olaraq təsdiqini tapmış, Azərbaycan öz müstəqilliyini dünyaya sübut etmiş, istiqlaliyyətimizin daimi, əbədi olmasının əsasını yaratmışdır.
Məruzə ətrafında çıxışlar dinlənildi.
Filialın “İctimai, təbiət fənləri və onların tədrisi texnologiyası” kafedrasının dosentləri – Mahir Səlimov və Yaqub Səmədov Azərbaycan xalqının dövlətçilik ənənələrindən danışdılar.
Ümummilli liderimiz Heydər Əliyevin yeni tarixi mərhələdə qurub yaratdığı, müstəqilliyə qovuşdurduğu Azərbaycan Respublikasının indi Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf etməsi, qarşıya qoyulan hədəflərə doğru inamla irəliləməsi, ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi inkişaf kursu seçməklə demokratikləşmə, insan hüquq və azadlıqlarının təminatı sahəsində ciddi nailiyyətlərə imza atmasından fəxarət hissi ilə danışdılar.
Müstəqil daxili və xarici siyasət həyata keçirən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan bir ölkə kimi tanınması, Azərbaycan Prezidentinin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, müdrik siyasət, qazanılmış uğurlar Ulu Öndər Heydər Əliyevin məhşur deyimini əminliklə söyləməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi daimidir, əbədidir və dönməzdir!
Sonda Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan xalqının sonrakı taleyindəki əzəli roluna dair fikirlərini səsləndirən videoçarx nümayiş etdirildi.