Elmi Konfranslar Xəbərlər
Şərh yoxdu

06 dekabr 2023-cü il tarixdə ADPU-nun Ağcabədi filialının “Riyaziyyat, informatika və onların tədrisi texnologiyası” və “Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası” kafedralarının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan elmi” mövzusunda elmi-praktik konfrans keçirildi.

Konfransın plenar iclasını giriş sözü ilə açan filialın direktoru, dosent Mobil Məcidov unudulmaz liderimiz Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin müqəddəs ruhlarını yad etmək üçün bir dəqiqəlik sükut elan etdi. Dövlət Himni səsləndirildi.

Dosent Mobil Məcidov Ulu Öndər Heydər Əliyevin Azərbaycan elminin inkişafındakı misilsiz xidmətlərindən danışdı. Təhsilə millətin gələcək yüksəlişi nöqteyi-nəzərindən yanaşan Ümummilli Liderin bu sahədə apardığı işin miqyasından danışan Mobil Məcidov, Azərbaycan elminin bugünkü nailiyyətlərində Heydər Əliyev şəxsiyyətinin rolunun danılmazlığını vurğuladı.

Sonra söz məruzəçilərə verildi.

“Heydər Əliyev Azərbaycanın elm və təhsil konsepsiyasının banisidir” mövzusunda məruzə edən filialın tədris və elmi işlər üzrə direktor müavini, dosent Seymur Süleymanov bildirdi ki, Azərbaycanda təhsilin, elmin, maarif və mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafında Ümummilli lider Heydər Əliyevin xidmətləri əvəzsizdir. Heydər Əliyevin şəxsi qayğısı sayəsində Azərbaycanda orta məktəblərin sayı, maddi-texniki bazası, kadrlarla təchizi işi xeyli yaxşılaşdırılmış, xüsusən müstəqillik illərində təhsil sahəsində beynəlxalq əlaqələr daha da genişlənmiş, Azərbaycan Respublikası dünyanın 30-dan çox ölkəsinin ali təhsil müəssisələri ilə genişmiqyaslı əməkdaşlıq həyata keçirmişdir.

Ulu Öndərin elmə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, müxtəlif elm sahələri üzrə gənc tədqiqatçılar araşdırmalar aparmış və əldə etdikləri elmi nailiyyətləri istehsalatın müxtəlif sahələrində tətbiq etməyə müyəssər olmuşlar.

“Azərbaycançılıq ideologiyasının elm və təhsilin inkişafında yeri” mövzusunda məruzə edən filialın tərbiyə işləri üzrə direktor müavini, dosent Mahir Səlimov qeyd etdi ki, tarixdə Azərbaycançılıq ideyasını irəli sürən görkəmli şəxsiyyətlərdən biri məhz Heydər Əliyev olmuşdur. Milli dövlətçiliyimizin böyük memarı olan Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda siyasi və iqtisadi islahatlar həyata keçirilmiş, ölkədə insan hüquqlarının qorunması, söz, mətbuat, vicdan azadlıqlarının həyata keçirilməsi istiqamətində böyük işlər görülmüşdür. Heydər Əliyev nadir şəxsiyyətlərdən biridir ki, yalnız bir amal uğrunda – doğma Azərbaycan uğrunda, bu torpağın müstəqilliyi və müstəqilliyinin əbədiliyi uğrunda bütün həyatını sərf edib.

Ulu Öndərin “Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” deyimini dilə gətirən məruzəçi, Heydər Əliyevin şəxsində azərbaycançılıq ideologiyasının təməl prinsiplərini gördüyünü və hər bir ölkə vətəndaşının beləcə öz ölkəsi və məmləkəti ilə fəxr etməsinin gərəkliliyini vacib amil hesab etdiyini bildirdi.

Məruzələr ətrafında çıxışlar dinlənildi. Çıxış edənlər Ulu Öndərin Azərbaycan elminin inkişafındakı rolunu onun çoxcəhətli siyasi fəaliyyətinin tərkib hissəsi olaraq vurğuladılar və zamanın Azərbaycan xalqına bəxş etdiyi bu fenomen düşüncəli siyasi liderin öz işıqlı əməlləri ilə xalqının qəlbində əbədi yaşayacağına inam ifadə etdilər.

Plenar iclasdan sonra konfrans öz işini bölmə iclaslarında davam etdirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.