28 noyabr 2023-cü il tarixdə ADPU-nun Ağcabədi filialında “Heydər Əliyev ili” çərçivəsində YAP Ağcabədi rayon təşkilatı ilə birgə “Heydər Əliyev və Gənclər siyasəti” mövzusunda konfrans keçirildi.
Konfransda filialın professor-müəllim heyəti, Yeni Azərbaycan Partiyası(YAP) Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov və Pedaqoji fakültənin bir qrup tələbəsi iştirak edirdi.
Konfrans öz işinə başlamazdan öncə ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edildi.
Dövlət Himni səsləndirildi. Sonra Yeni Azərbaycan Partiyasının yaranması və eləcə də Ulu Öndər Heydər Əliyevin gənclər siyasətindən bəhs edən videoçarx nümayiş etdirildi.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent Mobil Məcidov qonaqları salamladıqdan sonra Yeni Azərbaycan Partiyasının yaradıcısı, xalqımızın xilaskarı Heydər Əliyevin siyasi fəaliyyətindən və xüsusilə də gənclər siyasətindən danışdı. Qeyd etdi ki, ötən əsrin 90-cı illərinin əvvəllərində dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi dəyişikliklər gənclərin qarşısında bir sıra mühüm problemlər qoydu və onların həlli yollarını tapmağı gündəmə gətirdi. Bütün bunları uzaqgörənliklə dəyərləndirən ümummilli liderimiz Heydər Əliyev gənc nəslin mütəşəkkil formada yetişdirilməsi üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaratdı. Nazirlik yaradıldıqdan sonra dövlət gənclər siyasəti sahəsində mühüm işlər həyata keçirməyə başladı. Bu siyasətin davamı olaraq 1996-cı il yanvarın 26-da Ulu Öndər Heydər Əliyevin imzaladığı Sərəncama əsasən, fevralın 2-də Azərbaycan Respublikası gənclərinin ilk formunun keçirilməsi qərara alındı. Bu formun keçirilməsi ilə dövlət siyasətində gənclərə diqqət, qayğı daha da artırıldı. Forum müstəqil Azərbaycan Respublikasının gəncləri qarşısında duran mühüm vəzifələrin həyata keçirilməsində ölkə gənclərinin hər bir sahədə fəal iştirak etməyə hazır olduğunu nümayiş etdirdi və gənclərlə işin nəzərə çarpacaq dərəcədə canlanmasına səbəb oldu.
Giriş nitqindən sonra söz məruzəçiyə verildi. “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda məruzə edən filialın tərbiyə işləri üzrə direktor müavini, dosent Mahir Səlimov ümummilli lider Heydər Əliyevin gənclər siyasətindən danışdı və bu siyasətin uğurla həyata keçirilməsi məqsədi ilə zəruri qanunvericilik bazasının formalaşdırılmasının təmin edildiyini, gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəldilən, onların öz qabiliyyətlərini inkişaf etdirmələri üçün verilən fərman və sərəncamların, dövlət proqramlarnının bu cəhətdən mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı.
Məruzəçi onu da qeyd etdi ki, Heydər Əliyev həmişə gənclərimizə böyük ümidlər bəsləyir və dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir.
Bu gün gənc nəsilin əsl şəxsiyyət kimi yetişdirilməsi ölkə siyasətində prioritet yerlərdən birini tutur. Bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini yüksək şəkildə doğruldurlar.
Növbəti məruzə üçün söz Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədova verildi. “Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət idi” mövzusunda məruzə edən Rövşən Əhmədov, partiyanın yaranma tarixi və ölkəmizdəki siyasi fəaliyyətini nəzərdən keçirdi. Qeyd etdi ki, partiyamızın yaranması tarixi zərurətdən yaranan mühüm ictimai hadisə idi. Azərbaycan Respublikasının çətin günlər yaşadığı müstəqilliyimizin ilk illərində ölkədə vəziyyət olduqca acınacaqlı idi. Xalqımız böyük faciələrlə üzləşmişdi. Belə bir vəziyyətdə Azərbaycanın görkəmli nümayəndələri, ölkənin gələcəyini düşünən ziyalılar xalqın nicat yolunu Heydər Əliyevin simasında görürdükləri üçün Ulu Öndərə müraciət ünvanladılar. Bu müraciəti ünvanlayan məşhur “91-lər” öz tarixi missiyasını şərəflə yerinə yetirdilər. Çünki məhz bu müraciət əsasında, bu müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirildi. Təsis konfransında ölkəmizin bütün bölgələrindən 500-dən çox nümayəndə iştirak edirdi və onların tarixi qərarları ölkəmizin yeni səhifəsinin açılmasına gətirib çıxardı.
Heydər Əliyevin xalqa misilsiz xidmətlərindən danışan məruzəçi onu da qeyd etdi ki, Yeni Azərbaycan Partiyası tutduğu siyasi xətt etibarilə Ulu Öndərin də dediyi kimi, dünənin, bu günün və gələcəyin partiyasıdır. Məhz bu partiyanın siyasi xəttini öz işində əsas götürən ölkə Prezidenti cənab ilham Əliyevin yürütdüyü məqsədyönlü siyasət sayəsində uzun illər boyu işğala məruz qalmış torpaqlarımız düşmən tapdağından azad edildi.
Məruzəçi əminliklə qeyd etdi ki, Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında II Qarabağ Müharibəsində xalqımıza qalibiyyət bəxş edən Azərbaycan Ordusu öz döyüş əzmini və milli vətənpərvərlik hissi tərbiyəsini məhz Ulu Öndərin siyasi ideyalarından almışdır.
Sonra məruzə ətrafında çıxış dinlənildi. Filialın Pedaqoji fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının II tədris ili tələbəsi Aytən Hüseynli çıxış edərək bildirdi ki, artıq Azərbaycanda yüksək intellektual səviyyəyə malik, vətənpərvərlik ruhunda, milli düşüncəyə sahib gənc nəsil formalaşıb. Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi həyatında rolu günü-gündən artır. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Gənclər də öz növbəsində dövlət qayğısını daim hiss edərək nailiyyətləri ilə onlara göstərilən etimadı layiqincə doğrultmağa çalışırlar. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır, öz siyasətində onlara arxalanan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər.
Daha sonra filialın bir qrup tələbəsinə partiya işində könüllülük fəaliyyətlərini uğurla başa vurduqları üçün sertifikatlar və Yeni Azərbaycan Partiyasına üzvlük vəsiqəsləri təqdim olundu.
Konfrans Yeni Azərbaycan Partiyasının (YAP) himni ilə başa çatdı.