6 noyabr 2023-cü il tarixdə ADPU-nun Ağcabədi filialında Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirin rəsmi hissəsi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Filialın professor-müəllim heyəti və Pedaqoji fakültənin tələbələrinin iştirak etdiyi tədbiri giriş nitqi ilə açan filialın direktoru, dosent Mobil Məcidov Azərbaycanın müstəqillik rəmzi olan dövlət bayrağının yaranma tarixindən danışıb. O, hər birimiz üçün tükənməz qürur mənbəyi olan üçrəngli bayrağımızın ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə təsis edildiyini diqqətə çatdırıb.
Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisində AXC-nin bayrağı qaldırılıb. Bununla da üçrəngli bayrağımız həyata yenidən vəsiqə qazanıb. 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.
Tədbirdə məruzə edən filialın “İctimai, təbiət fənləri və onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi, t.ü.f.d. Anar Kərimli bildirib ki, Azərbaycan bayrağı dünya sivilizasiyasının ilk bayraqlarındandır. Milli dövlət atributlarından olan müqəddəs Azərbaycan bayrağının müasir cəmiyyətdə yeri və rolu, onun mənəvi, siyasi-ideoloji əhəmiyyəti və dövlət rəmzlərinin gənc nəslin formalaşdırılmasındakı əhəmiyyətli mövqeyi vurğulanıb.
Tədbirin sonunda Bayraq Gününün mahiyyəti, yaranma tarixi və əhəmiyyətini əks etdirən slaydlar nüşayiş etdirilib.