Xəbərlər
Şərh yoxdu

10 mart 2023-cü il tarixdə ADPU-nun Ağcabədi filialında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar dəyirmi masa keçirildi. Dəyirmi masada Azərbaycan Respublikası Milli Məclisinin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, filialın professor-müəllim heyəti və yüksək nailiyyətli tələbələri iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent Mobil Məcidov qonaqları salamladı. Sonra unudulmaz liderimiz Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edildi. Dövlət Himni səsləndirildi.

Filialın direktoru, dosent Mobil Məcidov xalqımızın layiqli oğlu, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının milli müqəddəratının həlli istiqamətindəki misilsiz xidmətlərindən danışdı. Sonra söz qonaqlara verildi.

Azərbaycan Respublikası Milli Məclisinin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev çıxış edərək, 2023-cü təqvim ilinin Heydər Əliyev ili kimi qəbul olunmasını Ulu Öndərə sədaqətin bariz nümunəsi kimi qeyd etdi. Bildirdi ki, siyasi fəaliyyəti boyunca Azərbaycan xalqına bağlı olan,  onun müstəqilliyi,  inkişafı və parlaq gələcəyi naminə durmadan çalışan, dövlətçilik ənənələrimizi Azərbaycançılıq ideologiyasının prinsipləri ilə cilalayan Heydər Əliyev irsinin öyrədilməsinin əhəmiyyəti böyükdür. Çünki Azərbaycanın dünəni, bugünü və gələcəyi bu dahi şəxsiyyətin parlaq əməllərinin nəticəsi ilə bilavasitə əlaqədardır. Doğrudur, Azərbaycan xalqının xoşbəxt gələcəyi naminə çalışan çox insanlar olub. Lakin onlar tarixin müxtəlif dönəmlərində müəyyən məsələlərlə yadda qala biliblər. Ulu Öndərimiz Heydər Əliyev isə Azərbaycan xalqının ictimai-siyasi, mədəni-iqtisadi və mənəvi tərəqqisində böyük xidmətləri olan, eyni zamanda memarı olduğu qüdrətli Azərbaycan dövlətinin parlaq gələcəyini təmin edəcək strateji inkişafını növbəti yüzilliyin hədəflərinə planlayan tarixi şəxsiyyət kimi əvəzolunmaz bir simadır.

Tahir Rzayev Heydər Əliyevin özündən sonra yerinə layiqli siyasi varisi qoyub getməsini  onun Azərbaycan xalqına son xidməti kimi vurğuladı. Əminliklə bildirdi ki, Heydər Əliyev siyasətini uğurla davam etdirən, ata vəsiyyətini layiqincə yerinə yetirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqa sədaqətinin mayasında da Heydər Əliyev mənəviyyatının payı var.

Heydər Əliyevin parlaq zəkası, fenomen yaddaşı, xilaskarlıq missiyası və xalqına sədaqətindən danışan Tahir Rzayev belə bir şəxsiyyətin mədəni-mənəvi irsindən bəhrələnməyin zəruriliyi və əhəmiyyətini xüsusilə vurğuladı.

Sonra söz Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədova verildi. O, Heydər Əliyevin siyasi hakimiyyət illərində xalqa xidmətlərindən ürək dolusu danışdı. Tarixi müqayisələrlə fikrini ifadə edən Rövşən Əhmədov bildirdi ki, Heydər Əliyevin siyasi hakimiyyətə gəldiyi hər iki dövrdə Azərbaycanda vəziyyət olduqca acınacaqlı idi. İlk gəlişində ölkəni iqtisadi-mədəni gerilikdən xilas edən Ulu Öndərimiz, ikinci gəlişində xalqımızın Xilaskarı missiyasını həyata keçirdi. 1991-ci ildə Azərbaycan Respublikasının müstəqillik aktı qəbul edilsə də, ölkədaxili siyasi çəkişmələr, iqtisadi gerilik, hərc-mərclik yeni yaranmış müstəqil Azərbaycan Respublikasının taleyini təhlükə qarşısında qoymuşdu. Heydər Əliyevin 1993-cü ildə ölkənin siyasi rəhbərliyinə ikinci gəlişi Azərbaycan xalqının taleyini parçalanmaq, qardaş qırğını və vətəndaş müharibəsindən xilas etdi. Ölkənin ictimai-siyasi həyatında sabitlik yarandı.

Məruzəçi torpaqlarının 20 faizini itirən, minlərlə qaçqın-köçkünü olan bir ölkədə siyasi sabitliyə nail olan Heydər Əliyevin ölkənin iqtisadi inkişafına təkan verən bir sıra islahatlar həyata keçirməsindən də danışdı. Xüsusilə, hərbi sənayenin inkişafı, ordu quruculuğunun həyata keçirilməsi kimi məsələlərin yaxın tariximizdə –  44 günlük Vətən Müharibəsində bəhrə verməsini xüsusilə vurğuladı.

Sonra söz filialın tərbiyə işləri üzrə direktor müavini, dosent Mahir Səlimova verildi. Çıxışına qədim yunan filosofu Aristotelin “Siyasət insanları idarə etmək qabiliyyətidir” deyimi ilə başlayan Mahir Səlimov Heydər Əliyevin siyasi fəlsəfəsindən bəhs edərkən xüsusilə, onun idarəetmə mexanizmindən, ölkəni ən kritik məqamlarda belə ağıl və təmkinlə idarə etməsindən danışdı.

Bildirdi ki, Azərbaycanın geosiyasi cəhətdən strateji əhəmiyyətə malik bir bölgədə yerləşməsini daim ona təhlükə mənbəyi hesab edən siyasi liderimiz ağıllı siyasət yürüdərək inkişaf etmiş ölkələrlə Əsrin Müqaviləsinə imza atdı. Əsrin müqaviləsi Azərbaycanın müstəqilliyinin, iqtisadi inkişafının qarantına çevrildi. Məhz bu siyasətin nəticəsidir ki, 30 ilə yaxın bir dövrdə işğal altına alınmış torpaqlarımız ölkənin iqtisadi-siyasi və hərbi qüdrətinin artması səbəbinə azadlığına qovuşdu.  

Heydər Əliyevin Azərbaycan elminin, təhsilinin inkişafındakı rolu barədə danışmaq üçün söz filialın “Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası” kafedrasının müdiri, p.ü.f.d., baş müəllim Tahir Kərimliyə verildi. O, çıxışına Ümummilli Liderimiz Heydər Əliyevin təhsilə dair fikirlərini ifadə etməklə başladı: “Təhsil millətin gələcəyidir. Məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam… Hesab edirəm ki, cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun, kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu, mənim prinsipal mövqeyimdir”. 

  Tahir Kərimli Azərbaycanlı olmağı ilə fəxr edən, özünü sadə Azərbaycan vətəndaşı kimi hiss edib müəllim adını bütün adlardan uca tutan Ulu Öndərin müəllimə həmişə yüksək qiymət verməsindən və Azərbaycan Respublikasına rəhbərlik etdiyi bütün dövrlərdə təhsilin, elmin inkişafı üçün bir çox yeniliklər etməsindən danışdı.

Qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev müstəqillik illərində elm və təhsilin inkişafını diqqətdən kənarda qoymamış, elm-təhsil problemlərinə kompleks şəkildə yanaşmışdır. O, təhsil strategiyasının həyata keçirilməsi məqsədilə ciddi tədbirlər həyata keçirmiş, mühüm tarixi fərman və sərəncamlar imzalamışdır.

Ulu Öndərin hakimiyyətə ikinci dəfə gəlişi isə ölkədə sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü kimi yaddaşlara hopub. Xüsusən, gənc nəslin təlim-tərbiyəsi,təhsili və elmi potensialının gücləndirilməsi istiqamətində apardığı daxili siyasət nəticəsində əldə edilən nailiyyətlər danılmazdır.

Təhsilin məzmununun yenilinməsi, xüsusilə Heydər Əliyevin Azərbaycançılıq ideologiyasının təhsilin məzmununa hopmasının nəticəsidir ki, milli düşüncəyə malik vətənpərvər gənclərin yetişməsinə nail ola bildik və həmin gənclər aldıqları təhsil və mənəvi tərbiyənin nəticəsi olaraq 44 günlük Vətən müharibəsində xalqımızın zəfər dastanını yazdılar.  Bu isə, Ümummilli Liderimizin şəninə təriflər qoşduğu Azərbaycan gəncindən gözlədiyi mühüm nəticə kimi çox dəyərlidir.

Heydər Əliyev fenomeninin Azərbaycan ədəbiyyatında poetik dillə ifadəsi barədə danışan filialın “Keyfiyyətin təminatı” şöbəsinin müdiri, baş müəllim Qərənfil Rzayeva dahi şəxsiyyətə həsr olunmuş “Heydər adlı günəş sönməz” şeiri ilə tədbir iştirakçılarına poetik anlar yaşatdı.

Sonda Ümummilli Liderimiz Heydər Əliyevin şərəfli ömür yolu və siyasi fəaliyyətinə həsr olunmuş videolent təqdim olundu.142

Şəhid məzunlarımızın ailələri ziyarət olunub

Noyabrın 7-də ADPU-nun Ağcabədi filialının rəhbərliyi 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan məzunlarımızdan  Zərdab rayonunun Hüseynxanlı kəndində yaşayan baş leytenant Abbasov Ağaqardaş İlham oğlunun  və Bərdə rayonu Təhlə kəndində…
07 Noy, 2024
0 Comment

“Oriyentasiya Günü”keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında ilk dəfə olaraq ali təhsil müəssisəsinə yeni qəbul olunan tələbələr üçün “Oriyentasiya Günü”keçirilib. Tədbirdə tələbələr universitet həyatı ilə tanış olub, universitet barədə ətraflı  məlumat…
30 Sen, 2024
0 Comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.