01 noyabr 2022-ci il tarixdə ADPU-nun Ağcabədi filialında Azərbaycan xalqının erməni faşizmi üzərində tarixi qələbəsinin ikinci ildönümünə həsr olunmuş “Zəfər günü Azərbaycanın şanlı tarixidir” adlı elmi-praktik konfrans keçirilib
Konfransdan öncə filialın direktoru, dosent Mobil Məcidov başda olmaqla bir qrup müəllim və tələbələrin iştirakı ilə Şəhidlər Xiyabanı ziyarət edildi. Ziyarət əsnasında şəhid məzarları üzərinə tər çiçəklər düzüldü və müqəddəs ruhları ehtiramla yad edildi.
Sonra filialın “İctimai, təbiət fənləri və onların tədrisi texnologiyası” və “Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası” kafedralarının birgə təşkilatçılığı ilə hazırlanmış elmi-pkaktik konfrans öz işinə başladı.
Konfransı giriş sözü ilə açan filialın direktoru, dosent Mobil Məcidov konfrans iştirakçılarını salamladıqdan sonra xalqımızın Zəfər tarixi ilə əlaqədar fəxarət və qürur hissi ilə danışdı. Qeyd etdi ki, Azərbaycan xalqı düşmən üzərində tarixi qələbəsi ilə əsrin ilk şanlı qələbə tarixini yazdı. 44 gün davam edən Vətən Müharibəsi tarixdə misli-bərabəri görünməyən haqq davası idi. Müharibələr itkisiz olmur. Bizim də itkilərimiz oldu. Lakin bu itkilər bizi ruhdan salmadı və ard-arda əldə edilən qələbələr xalqımızı öz Müzəffər Ali Baş Komandanına və onun yenilməz ordusunun şücaətinə inandırdı. Beləliklə Dövlət, Ordu və Xalqın birliyi sayəsində tarixi qələbəyə nail ola bildik.
Sonra dosent Mobil Məcidov torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin müqəddəs ruhlarını anmaq üçün bir dəqiqəlik sükut elan etdi.
Sükutdan sonra Dövlət Himni səsləndirildi.
Söz məruzəçilərə verildi. “Vətən müharibəsindəki zəfərimiz xalqımızın şanlı tarixidir” mövzusunda məruzə edən filialın “İctimai, təbiət fənləri və onların tədrisi texnologiyası” kafedrasının dosenti Məhəmməd Hüseynov Azərbaycan xalqının qəhrəman xalq olaraq tarixi ədaləti bərpa etməsindən, erməni vandallarının təcavüzü nəticəsində itirilən torpaqlarımızın geri qaytarılmasından və bu işdə şərəf və ləyaqətlə döyüşən ordu və onun Ali Baş Komandanı İlham Əliyevin misilsiz xidmətlərindən danışdı. Qeyd etdi ki, Ulu Öndərin siyasi varisi, xalqının ikinci xilaskarı kimi tarixi missiyanı öhdəsinə götürən cənab İlham Əliyevin atdığı strateji əhəmiyyətli addımlar sayəsində müharibənin qələbə ilə başa çatmasına, tapdanmış ləyaqətimizin qisasını almağa müvəffəq olduq. İllər ötəcək, nəsillər dəyişəcək, lakin xalqımızın tarixinə qızıl hərflərlə yazılan Zəfər tarixi heç vaxt unudulmayacaqdır.
Sonra məruzə ətrafında çıxışlar dinlənildi. Filialın ”Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası” kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim Tahir Kərimli, “Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi Fəridə Mikayılova, Tədrisin idarə olunması şöbəsinin müdiri Şəbnəm Abbasova, gənc müəllimlərdən Maya Abdullayeva, Pərişan Yolçuzadə, Səbuhi Quliyev və Səbuhi Səfərov çıxış edərək xalqımızın mənfur düşmən üzərindəki tarixi qələbəsindən ürək dolusu danışdılar.
Təxminən 3 saata qədər davam edən elmi-praktik konfrans qələbə coşğusu ilə, həmçinin Zəfər gününün növbəti ildönümlərini işğaldan azad edilmiş torpaqlarda təşkil etmək diləyilə sona çatdı.